...

Gürcüstanın idman naziri "Neftçi" - "Çixura" matçından sonra gürcü azarkeşlərin təxribatına münasibət bildirib

İdman Materials 1 Avqust 2014 14:07
Gürcüstanın gənclər və idman naziri Levan Kipiani Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən "Neftçi" - "Çixura" qarşılaşmasından sonra Bakıda azarkeşlər arasındakı insidenti başa çatmış hesab edir.
Gürcüstanın idman naziri "Neftçi" - "Çixura" matçından sonra gürcü azarkeşlərin təxribatına münasibət bildirib

Trend-i buradan izləyin

Gürcüstan, Tbilisi, 1 avqust /Trend, müxbir Nana Kirsxaliya/

Gürcüstanın gənclər və idman naziri Levan Kipiani Avropa Liqasının III təsnifat mərhələsi çərçivəsində keçirilən "Neftçi" - "Çixura" qarşılaşmasından sonra Bakıda azarkeşlər arasındakı insidenti başa çatmış hesab edir.

Trend xəbər verir ki, L.Kipianinin cümə günü Gürcüstan hökumətinin iclasından əvvəl jurnalistlərə bildirdiyinə görə, "azarkeşlər arasında belə münaqişələr tez-tez və dünyanın müxtəlif stadionlarında baş verir".

O, qeyd edib: "Mən klubun prezidenti ilə danışdım və gecə ərzində bütün anlaşılmazlıqlar yoluna qoyuldu".

Azərbaycan DİN-in cümə günü yaydığı məlumatda deyilir ki, iyulun 31-də Avropa Liqasının üçüncü təsnifat mərhələsi çərçivəsində Bakının "Neftçi" və Gürcüstanın "Çixura" futbol komandaları arasında keçirilən oyunda Gürcüstandan gəlmiş bəzi azarkeşlər tərəfindən təxribat törədilməsinə cəhd edilib. Onlar oyunun keçirildiyi "Bakcell Arena" stadionunda yer aldıqları tribunadan Azərbaycanın Zaqatala və Qax rayonlarının Gürcüstan ərazisi kimi göstərildiyi xəritə asıblar. Bu isə yerli azarkeşlərin kəskin etirazına səbəb olub və nəticədə qarşıdurma yaranıb.

Xidməti ərazidə ictimai asayişin və təhlükəsizliyin qorunmasına cəlb olunmuş polis və Daxili Qoşunların əməkdaşları tərəfindən görülmüş operativ və qətiyyətli tədbirlər nəticəsində hadisənin kütləvi iğtişaşa çevrilməsinin qarşısı alınıb.

Oyunda iştirak edən "Çixura" futbol komandasının baş direktoru Berik Şukakidzenin sözlərinə görə, o, xəritənin yığışdırılmasını xahiş etsə də, azarkeşlər bunu etməyiblər: "UEFA-nın komissarı mənə dedi ki, bu fakt azarkeşlər arasında qəzəb doğura bilər. Mən xəritənin yığışdırılmasını xahiş etsəm də, azarkeşlər bunu etmədilər. Nəticədə xəritəni güc tətbiq edərək yığışdırdılar və bundan sonra insident baş verdi. Bizi də bu dırnaqarası azarkeşlərə görə cərimələdilər. Məndən bu məsələ ilə bağlı hansı fikirdə olduğumu soruşdular. Dedim ki, bunu pisləyirəm".

Hər iki ölkənin hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti