...

"Bakı 2015" Avropa Oyunları Almaniyanın nüfuzlu idman kanalı ilə yayım müqaviləsi imzalayıb

İdman Materials 6 Oktyabr 2014 14:23 (UTC +04:00)
"Bakı 2015" Avropa Oyunları bu gün Almaniyanın nüfuzlu idman kanalı SPORT1 ilə beynəlxalq yayım haqqında müqavilə imzaladığını qürurla elan edir.
"Bakı 2015" Avropa Oyunları Almaniyanın nüfuzlu idman kanalı ilə yayım müqaviləsi imzalayıb

Azərbaycan, Bakı, 6 oktyabr /Trend/

"Bakı 2015" Avropa Oyunları bu gün Almaniyanın nüfuzlu idman kanalı SPORT1 ilə beynəlxalq yayım haqqında müqavilə imzaladığını qürurla elan edir.

BAOƏK-dən Trend-ə verilən məlumata görə, müqaviləyə əsasən, SPORT1 kanalı Almaniyada ilk Avropa Oyunlarının eksklüziv yayımçısına çevrilərək izləyicilərin gələn yay 17 gün davam edəcək yarışların pulsuz canlı yayımından zövq almasına imkan verəcək.

SPORT1 kanalı Oyunları televiziya, internet, radio və mobil platformalar vasitəsilə əsasən canlı yayımla minimum 45 saat yayımlayacaq. Oyunların əsas məqamları ilə yanaşı, Açılış və Bağlanış Mərasimləri də canlı yayımlanacaq.

Razılaşmada həmçinin SPORT1 kanalının birinci Avropa Oyunlarını pulsuz şəkildə Avstriya və İsveçrədə, o cümlədən əlavə olaraq minimum 20 saat pullu televiziya kanallarında yayımlaması nəzərdə tutulur.

Bakı 2015 Avropa Oyunlarının Əməliyyatlar üzrə Baş direktoru Saymon Kleq bildirmişdir: "Biz böyük qürur hissi ilə SPORT1 kanalının birinci Avropa Oyunlarını yayımlayacağını və bununla milyonlarla Avropalı idman həvəskarına bu tarixi hadisəni canlı izləmə imkanı veriləcəyini diqqətinizə çatdırırıq.

Bu müqavilənin bağlanması bütövlükdə Avropa qitəsində Oyunlara böyük marağın olmasının göstəricisidir və idman həvəskarlarına müxtəlif media platformalarından ölkələrini təmsil edən idmançıların nailiyyətlərini izləmə imkanı verir".

SPORT1 kanalı Bakı 2015 Oyunlarının əsas yayımçısı Beynəlxalq İdman Yayımları (İSB) ilə sıx əməkdaşlıq edərək fəaliyyətlərini Bakı və Almaniyada yerləşən komandaların vasitəsilə həyata keçirəcəklər. Bütün bunlar izləyicilərə ən keyfiyyətli və müvafiq yayım təmin etməklə nəticələnəcək.

SPORT1 kanalının icraçı direktoru Olaf Şröder bildirmişdir: "Birinci Avropa Oyunlarının yayımçısı kimi SPORT1 kanalı üç başlıca yayım ərazisində bu tarixi hadisəni təşviq etmək rolunu öz üzərinə götürür.

Ancaq SPORT1 kanalında Almaniyalı idman həvəskarları Bakıda medal uğrunda mübarizə aparacaq qabaqcıl idmançılarımızın dünya səviyyəli performansını izləyə biləcəklər".

Almaniya Olimpiya İdman Konfederasiyasının (DOSB) baş direktoru Maykl Vesper əlavə etmişdir: "Bu, bizim qabaqcıl idmançılarımız, o cümlədən milyonlarla idman həvəskarı üçün əla xəbərdir və Bakı 2015 Oyunlarını Almaniyada təşviq etməyə kömək edəcək. Biz birinci Avropa Oyunlarının Almaniyanın nüfuzlu idman kanalında pulsuz yayımlanacağından olduqca məmnunuq".

Müqaviləyə əsasən, Avropa Oyunları Türkiyə, Rumıniya, Macarıstan və Belçika ilə yanaşı, Almaniya, Avstriya və İsveçrədə də yayımlanacaq.

Bakı 2015-in Kommersiya şöbəsinin direktoru Çarli Viceratna bildirmişdir: "SPORT1 kanalının işə yanaşması və entuziazmı onu bu üç ərazidə mükəmməl yayım platformasına çevirir. Avropa Oyunları olduqca önəmli multi-idman hadisəsidir və biz səbirsizliklə izləyicilərin gözəl Bakı şəhərində keçiriləcək bu oyunları izləyəcəyi günü gözləyirik".

SPORT1 kanalı Almaniyada nüfuzlu idman yarışlarının pulsuz yayımı üzrə 20 ildən çox təcrübəyə malikdir. Təkcə 2014-cü il ərzində bu kanal Soçi 2014 Qış Olimpiya Oyunlarında keçirilən sonuncu buzüstü xokkey turnamenti də daxil olmaqla 6000 saat mühüm idman yarışlarını yayımlayacaq.

2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı 2015 Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

Bakı 2015 Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

Doqquz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə Oxatma, Yüngül atletika, Velosiped idmanı, Atıcılıq, Üzgüçülük, Stolüstü tennis, Taekvondo, Triatlon və Voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya Komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunmuşdur. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlı şəkildə Oyunları təşkil və idarə edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti