Bakı. Elmir Murad - Trend:
Azərbaycan - Moldova oyununa 8000 bilet satılıb. Bunu Trend-ə açıqlamasında AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğlu deyib.
Onun sözlərinə görə, bu oyunu izləyəcək azarkeşlərin sayı oyuna yarım saat qalmış daha dəqiq bilinəcək.
M.Nərimanoğlu qarşılaşma zamanı hər hansı insidentin baş verməməsi üçün görülən təhlükəsizlik tədbirlərindən də danışıb: "Təkcə Azərbaycan və Moldova millilərinin oyunu deyil, ümumilikdə komandamızın bütün oyunlarında təhlükəsizlik tədbirləri çox yüksək səviyyədə həyata keçirilib. Ona görə də heç bir narahatlıqdan söhbət gedə bilməz. Hər kəsi oyunu izləmək üçün stadiona dəvət edirik".
Qeyd edək ki, 9-cu dəfə üz-üzə gələn Azərbaycan və Moldova futbol yığmaları bu gün saat 21:00-da Bakı Olimpiya Stadionunda qarşılaşacaqlar.