...

Azərbaycan Gimnastika Federasiyası yarışları qüsursuz keçirir - Portuqaliyalı məşqçi

İdman Materials 18 May 2023 15:12 (UTC +04:00)
Azərbaycan Gimnastika Federasiyası yarışları qüsursuz keçirir - Portuqaliyalı məşqçi
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Gimnastika Federasiyası yarışları qüsursuz keçirir.

Bu barədə Trend-ə cümə axşamı Portuqaliyanın bədii gimnastika üzrə yığmasının baş məşqçisi Darina Vasilyeva deyib.

"Biz hamımız məftun olmuşuq, Azərbaycanda olmaq böyük məmnuniyyətdir. Burada yarışlar həmişə yüksək səviyyədə təşkil olunur. Heç də bütün ölkələrdə gimnastlar üçün Azərbaycanda olduğu kimi şərait yaradılmır", - deyə Darina Vasilyeva qeyd edib.

Portuqaliya yığmasının baş məşqçisi azərbaycanlı gimnastların hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

"Çox gözəl iş müşahidə edirik, hər il onların səviyyəsinin artdığını görürük. Bu irəliləyişi müşahidə etmək sevindiricidir. Onlar məşqçilər və xoreoqraflar qarşısında çox gözəl və mürəkkəb kompoziyalar qoyurlar", - deyə Darina Vasilyeva vurğulayıb.

Portuqaliyanın qrup hərəkətlərində gənclərdən ibarət komandasının məşqçisi Silviya Kanelaş isə öz növbəsində yetirmələrinin Bakıda keçirilən Avropa çempionatına beş ay ərzində hazırlaşdıqlarını əlavə edib.

"Bu yarışlarda iştirak gimnastlar üçün olduqca vacibdir, Bakıda keçirilən Avropa çempionatında çıxış etmək onların arzusu idi. Qeyd edim ki, yarışın şüarı yaxşıdır: "Ulduz kimi parla". O idmançıların xoşuna gəlir və onları uğurla çıxış etməyə ruhlandırır", - Kanelaş deyib.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatı keçirilir.

Yarışlar "Shine like a star" (Ulduz kimi parla) şüarı altında keçirilir. Avropa çempionatında 38 ölkədən gimnastlar iştirak edirlər .

Yarışlarda Azərbaycanı böyüklər arasında fərdi proqramda Zöhrə Ağamirova və İlona Zeynalova, həmçinin qrup hərəkətləri proqramında Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümbətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət böyüklər komandası təmsil edirlər.

Xatırladaq ki, Avropa çempionatının birinci günü Azərbaycanın Gövhər İbrahimoba, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova və Zəhra Cəfərovadan ibarət gənclər komandası qrup hərəkətlərində çoxnövçülük və beş topla proqramda iki bürünc medal qazanıblar.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti