Bakı. Trend:
Futbol üzrə Azərbaycan Premyer Liqasında bu gün XVI tura start verilib.
Trend-in məlumatına görə, ilk oyun günü “Sumqayıt” son çempion “Qarabağ”ı qəbul edib.
“Kapital Bank Arena”da keçirilən qarşılaşma Ağdam təmsilçisinin 6:1 hesablı qələbəsi ilə başa çatıb. Qonaq komandanın ilk qolunu 21-ci dəqiqədə Leondro Andrade vurub. 29-cu dəqiqədə Juninyo adını tabloya yazdırıb. Abdullah Zubir 33-cü, Yassin Benzia isə 53-cü dəqiqədə aktivinə xal yazdırıb. L.Andrade 73-cü dəqiqədə dubl edərək komandasının 5-ci qolunun müəllifi olub. Hamidu Keyta isə 86-cı dəqiqədə rəqibin qapısına yol taparaq matça nöqtəni qoyub. Meydan sahiblərində isə yeganə qola 43-cü dəqiqədə Erik Sorqa imza atıb.
Bu nəticədən sonra "köhlən atlar" 35 xalla liderliyini möhkəmlədib. "Gənclik şəhəri" təmsilçisi isə 23 xalla üçüncü sırada qalıb.