...

Bakıda İran məhsullarının sərgisi keçiriləcək

İqtisadiyyat Materials 16 Sentyabr 2016 18:36
Şahin Mustafayev ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İranın Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib.
Bakıda İran məhsullarının sərgisi keçiriləcək

Trend-i buradan izləyin

Bakı. Trend:

İqtisadiyyat naziri, Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İranın Azərbaycandakı səfiri Möhsün Pakayini qəbul edib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, nazir Ş.Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm əhəmiyyətini qeyd edib. Azərbaycan-İran iqtisadi əlaqələri və həyata keçirilən birgə layihələr barədə danışan Ş.Mustafayev Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Azərbaycanda 8,3 km-lik dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşacağını vurğulayıb. Bildirilib ki, bu ilin yanvar-iyul aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 70% artıb. Bu yaxınlarda iş adamlarının iştirakı ilə Bakıda keçiriləcək növbəti Azərbaycan-İran biznes forumu iqtisadi əməkdaşlığın, xüsusilə iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətli olacaqdır. Görüşdə İran şirkətlərinin Azərbaycan Prezidentinin Sərəncamı ilə yaradılmış və əsasən əczaçılıq sahəsi üzrə ixtisaslaşacaq Pirallahı Sənaye Parkının imkanlarından da yararlana biləcəyi diqqətə çatdırılıb.

Son dövrlərdə Azərbaycan-İran əlaqələrinin daha da genişləndiyini vurğulayan İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin səfir olduğu dövrdə 20-si 2016-cı ilin ötən dövründə olmaqla iqtisadi sahədə 50 sənədin imzalandığını qeyd edib. İran-Azərbaycan iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair fikirlərini bildirən Möhsün Pakayin 19-21 sentyabr tarixlərində “Baku Expo” Mərkəzində İran məhsullarının 2-ci ixtisaslaşmış sərgisinin keçiriləcəyini vurğulayıb və İqtisadiyyat nazirini sərgiyə dəvət edib.

Görüşün sonunda nazir Şahin Mustafayev Azərbaycan-İran əlaqələrinin inkişafında səfir Möhsün Pakayinin səmərəli fəaliyyətini vurğulayaraq, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti