Bakı. Trend:
İqtisadiyyat naziri Şahin Mustafayev Qaraçay-Çərkəz Respublikasının başçısı Raşid Temrezovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev vurğulayıb ki, Azərbaycan və Rusiya prezidentlərinin siyasi iradəsi və birgə səyləri nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və dövlət başçılarının qarşılıqlı səfərləri və müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm gətirir. Təkcə ötən il Prezident İlham Əliyev Rusiyaya 3 dəfə səfər edib, Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana rəsmi səfəri çərçivəsində Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib, iqtisadiyyatın bir sıra sahələrində Azərbaycan və Rusiya əməkdaşlığına dair dəyirmi masalar təşkil olunub.
Ş.Mustafayev Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkə iqtisadiyyatının inkişafı üçün həyata keçirilən tədbirlər, aparılan iqtisadi islahatlar, onların uğurlu nəticələri barədə məlumat verib.
İqtisadiyyat naziri Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icra olunduğunu və bu proqramlar çərçivəsində görülən işlərin iqtisadiyyatın inkişafında əhəmiyyətini vurğulayıb. Bildirilib ki, sahibkarlığın inkişafı, biznes və investisiya mühitinin davamlı olaraq yaxşılaşdırılması, biznesə yeni dəstək mexanizmlərinın yaradılması və digər istiqamətlərdə mühüm tədbirlər həyata keçirilir. Sahibkarların investisiya layihələrinin güzəştli şərtlərlə kreditləşdirilməsi, sənaye parkları və məhəllələrinin, aqroparkların yaradılması, investisiyaların və ixracın təşviqi mexanizminin tətbiqi və digər tədbirlər sahibkarlığın davamlı inkişafının təmin olunmasında mühüm önəm kəsb edir.
Təsadüfi deyildir ki, Dünya Bankının dərc etdiyi “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək ən çox islahat aparan ölkə elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi əvvəlki illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla MDB ölkələri arasında lider mövqeyə yüksəlib.
Görüşdə vurğulanıb ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və iki ölkə arasında ticarət dövriyyəsinin həcmində müsbət artım dinamikası müşahidə edilir. Ötən il Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 20% artıb. Rusiya qeyri-neft məhsullarımızın ixracı üzrə isə birinci yerdədir. Azərbaycanda təqribən 700-dən çox Rusiya kapitallı şirkət fəaliyyət göstərir. Ölkələrimiz arasına uğurlu investisiya əməkdaşlığı həyata keçirilir. Rusiya şirkətləri Azərbaycan iqtisadiyyatına 4 mlrd. ABŞ dollarından çox sərmayə yatırıb. Azərbaycanın Rusiya iqtisadiyyatına investisiyası 1 mlrd. dollardan artıqdır. Azərbaycan-Rusiya birgə müəssisəsi olan “R-Pharm” MMC-nin yaradılması uğurlu əməkdaşlığın nümunəsidir.
Nazir qeyd edib ki, Azərbaycan Rusiyanın federal subyektləri ilə sıx əməkdaşlıq edir və Rusiyanın Şimali Qafqaz regionunda əsas investorlardandır. Azərbaycan şirkətləri bu regionda bir sıra mühüm layihələrə investisiya yatırırlar.
Ş.Mustafayev ölkəmizdə infrastukturun inkişafı istiqamətində görülən işləri vurğulayıb, nəqliyyat-tranzit əməkdaşlığının genişləndirilməsində Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin və Samur çayı üzərində tikilən avtomobil körpüsünün əhəmiyyətini, hazırda tikilməkdə olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun bu sahədə rolunu qeyd edib.
İqtisadiyyat naziri Azərbaycan və Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikası arasında sənaye, kənd təsərrüfatı, investisiyalar, turizm və digər istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi üçün potensialı diqqətə çatdırıb.
Rusiyanın Qaraçay-Çərkəz Respublikasının rəhbəri Raşid Temrezov Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, indiyədək bir neçə dəfə Azərbaycanda olduğunu, Azərbaycanın sürətli inkişafını vurğulayaraq, hər dəfə tamamilə yeni mənzərə ilə qarşılaşdığını bildirib.
Azərbaycanın Rusiya Federasiyası və onun federal subyektləri ilə əməkdaşlığının uğurla inkişaf etdiyini, bu sahədə işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin əhəmiyyətini qeyd edib. Raşid Temrezov iqtisadiyyatın bir sıra sahələrində əlaqələrin genişləndirilməsi, ticarət dövriyyəsinin artırılması üçün potensialı diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Rusiya Federasiyasının Qaraçay-Çərkəz Respublikası arasında iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi istiqamətləri, sənaye, kənd təsərrüfatı, investisiya, ticarət, turizm və s. sahələrdə əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Azərbaycana səfəri çərçivəsində Qaraçay-Çərkəz Respublikasının nümayəndə heyəti Balaxanı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu, Balaxanı Sənaye Parkı, Böyük Şor gölünün ekoloji yaxşılaşdırılması işləri ilə və “GreenTech” tərəvəz məhsullarının istehsalı müəssisəsi ilə tanış olublar.