...

Bütün sosial ödənişlər Novruz bayramınadək veriləcək - Himalay Məmişov

İqtisadiyyat Materials 12 Mart 2021 12:30 (UTC +04:00)
Bütün sosial ödənişlər Novruz bayramınadək veriləcək - Himalay Məmişov

Bakı. İlhamə İsabalayeva - Trend:

Mart ayının bütün sosial ödənişləri Novruz bayramından qabaqkı tarixlərdə həyata keçiriləcək.

Trend-in məlumatına görə, Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədri Himalay Məmişov deyib.

Onun sözlərinə görə, ümumilikdə ödənişlər konkret qrafiklə həyata keçirilir.

H.Məmişov bildirib ki, cari ay üçün həyata keçirilən ödənişlər elə həmin ayın ödənişidir: “Məsələn, bunu əməkhaqqı ilə müqayisə etmək olar. Biz əməkhaqqını ayın 8-də deyil, ayın sonunda alırıq. Əslində pensiya və digər sosial ödənişlər də ayın sonunda alınmalıdır. Lakin Əmək və Əhalinin Sosal Müdafiəsi Nazirliyi bütün aidiyyatı qurumlarla birlikdə razılığa gələrək ödənişləri qrafiklərə bölüb”.

H.Məmişov qeyd edib ki, Bakı, Sumqayıt, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası üçün bu ödənişlər hər ayın 8-10-da ödənilir. Respublikanın digər rayonları üçün bu ödənişlər ayın 15-17-i aralığında ödənilir. Müavinət və təqaüdlər ayın 25-27-də, ünvanlı yardım isə 28-də ödənilir.

Fond sədri əlavə edib ki, bayramla əlaqədar respublika üzrə pensiya ödənişlərinin martın 16-da tamamlanması nəzərdə tutulur. Müavinət, təqaüd və ünvanlı sosial dövlət yardımının ödənişinin isə martın 19-dək tamamlanması planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti