Bakı. Trend:
Aprelin 26-da Moskva şəhərində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında görüş keçirilib.
Trend-in məlumatına görə, görüşdə qida təhlükəsizliyi ilə bağlı ikitərəfli münasibətlər, birgə əməkdaşlığın perspektivləri, həmçinin AQTA ilə "Rosselxoznadzor” arasında baytarlıq, bitki karantini və mühafizəsi sahəsində imzalanması nəzərdə tutulan Sazişlərin layihəsi və informasiya sistemlərinin inteqrasiyası ilə bağlı məsələlər müzakirə olunub.
Tədbirdə Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində görülən işlər və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Rusiya Bitki Karantini Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.
Görüş zamanı, həmçinin ikitərəfli əməkdaşlığın gündəliyinə daxil olan və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilib.