...

“FINCA Azerbaijan” 2020-ci ilin maliyyə hesabatını açıqladı

İqtisadiyyat Materials 1 İyun 2021 18:10 (UTC +04:00)
“FINCA Azerbaijan” 2020-ci ilin maliyyə hesabatını açıqladı

Bakı. Trend:

“FINCA Azerbaijan” təşkilatının illik maliyyə hesabatına əsasən, “FINCA Azerbaijan” QBKT 2020-ci il ərzində 673 min AZN məbləğində xalis mənfəət əldə etməklə, şirkətin son dörd il ərzində malik olduğu müsbət yönlü gəlirlilik tendensiyasını qoruyub saxlaya bilib.

2020-ci il ərzində “FINCA Azerbaijan” təşkilatı əksəriyyəti kənd yerlərində yaşayan müştərilərə 25 milyon AZN məbləğində yeni kreditlər təqdim edib və bununla da özünün kredit portfelini 47%-ə kimi artırıb. Ölkə üzrə müxtəlif bölgələrdə əlavə filialların yaradılması da biznesdəki bu artıma öz töhfəsini verib. “FINCA Azerbaijan” 2021-ci il ərzində də öz əməliyyatlarının effektivliyini artırmağa davam etməyi və cari 5 illik planına uyğun olaraq 2021-ci ilin sonuna qədər regional filialların sayını 18-dən 22-yə çatdırmağı planlaşdırır.

“FINCA Azerbaijan” 2020-ci il ərzində müştərilərlə yaxından işləyərək, onlara bizneslərini çətin mikro və makro iqtisadi şəraitə uyğunlaşdırmağa kömək etmişdir. Dünyada hökm sürən Covid-19 pandemiyası və Vətən müharibəsinin müştərilərin biznesinə mümkün təsirini azaltmaq üçün zərərçəkmiş sahibkarlara kreditlərin uyğun şərtlərlə restruktruzasiyası təklif edilib.

“FINCA Azerbaijan” haqqında

“FINCA Azerbaijan” icma əsaslı 20 mikromaliyyə institutu və banka sahib “FINCA Impact Finance” şəbəkəsinin bir hissəsidir və Azərbaycanda 1998-ci ildən bəri fəaliyyət göstərir. Bu qlobal şəbəkə aşağı gəlirli müştərilərin və icmaların öz gələcək həyatlarına yatırım etmələri üçün onlara yenilikçi, məsuliyyətli və əsaslı təsir imkanları olan maliyyə xidmətləri təklif edir. “FINCA Azerbaijan” ölkənin aparıcı mikromaliyyə təşkilatı olaraq kiçik sahibkarların gəlirlərini artırmasını təşviq etmək niyyətilə onlara müxtəlif kredit məhsulları təklif edir. Şirkət kənd təsərrüfatı üzrə kreditlərin verilməsinə daha çox önəm verir. Daha ətraflı məlumat üçün www.finca.az saytına daxil ola bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti