Bakı. Trend:
SOCAR-ın istehsal etdiyi karbamidin ötən il əsas ixrac olunduğu ölkə Braziliya idi. Bundan başqa Rusiya, Türkiyə və Rumıniyaya təxminən eyni civarda - 32 000-35 000 ton karbamid ixrac olunub. İtaliya, Bolqarıstan, Albaniya kimi ölkələrə də ixrac həyata keçirilib.
Trend xəbər verir ki, bunu SOCAR-ın karbamid zavodunun direktoru Xəyal Cəfərov deyib.
"Qablaşdırılmamış karbamid anbarının tutumu təxminən 60 min tondur. Yəni, bu bizim aylıq istehsal gücümüzə bərabərdir. Karbamidin tərkibində 46 faiz azot var. Yerli karbamidin tətbiqindən sonra müəyyən sahələrdə məhsuldarlıq 4 dəfəyə qədər artıb və ekoloji nöqteyi-nəzərdən çox təhlükəsiz bir gübrədir. Karbamidi asanlıqla uzaq məsafələrə ixrac etmək olar.
SOCAR-ın karbamid zavodunun təməli 2011-ci ildə qoyulub. Zavodun layihələndirilməsi və tikintisini Cənubi Koreyanın "Samsung Engineering" şirkəti həyata keçirib. 2019-cu ilin yanvarında istismara verilən karbamid zavodu gündəlik iki min ton, illik isə 660 min tona kimi karbamid istehsal etmək iqtidarındadır. Sumqayıtın kimya-sənaye parkında 40 hektara yaxın ərazidə yerləşən zavod ammonyak istehsalı, karbamid istehsalı və köməkçi qurğular sahələrindən ibarətdir", - deyə o əlavə edib.