...

Silk Way West Airlines iki yeni nəsil Airbus A350F sifarişini təsdiqlədi

İqtisadiyyat Materials 28 İyun 2022 16:03 (UTC +04:00)

Bakı. Trend:

Silk Way West Airlines Airbus ilə iki A350 yük təyyarəsinin alınması üçün müqavilə imzalayıb və onların çatdırılması 2027-2028-ci illərdə planlaşdırılır. Razılaşmaya əsasən gələcəkdə eyni modeldən daha iki təyyarənin alınması nəzərdə tutulub. İki şirkət arasında olan ilk saziş 28 iyun 2022-ci il tarixində Bakıda Silk Way West Airlines-ın prezidenti cənab Volfqanq Mayerin və Airbus şirkətinin Regional İcraçı Vitse-Prezidenti və Avropa üzrə Satış Rəhbəri cənab Vouter Van Vörşin iştirak etdiyi mərasimdə imzalanıb. Bu yatırım Silk Way West Airlines şirkətinin yükdaşımalar üzrə artan tələbatın qarşılanması məqsədilə beynəlxalq hava şəbəkəsini genişləndirməsi istiqamətində atdığı növbəti addımdır.

A350F yük təyyarələrinin sifarişi Mərkəzi Asiya və MDB regionunda bir ilkdir. A350F dünyanın ən qabaqcıl uzaq məsafəli təyyarəsi olan A350-nin əsasında hazırlanıb. A350 ailəsinin yeni üzvü kimi A350F yük təyyarəsi ən müasir texnologiyadan, aerodinamikadan və misilsiz əməliyyat çevikliyindən bəhrələnib.

Təyyarənin əsas özəlliyi göyərtədə böyük yük qapısı və yük əməliyyatları üçün optimallaşdırılmış gövdə uzunluğudur. Korpusun 70%-dən çoxu qabaqcıl materiallardan hazırlanır ki, bu da uçuşun çəkisini 30 ton azaldır. Bu, optimallaşdırılmış və müasir yükləmə sistemi və 109 ton yükgötürmə qabiliyyəti ilə yanaşı, bütün növ yüklərin daşınmasını təmin edir. Rolls-Royce mühərrikləri ilə təchiz edilən A350F böyük yük təyyarələrinin yeni nəslinə aiddir və daha az yanacaq sərfiyyatı ilə yanaşı, CO2 emissiyalarının azalmasına töhfə verir.

Dünyanın ən səmərəli və ekoloji cəhətdən təmiz yük təyyarələrindən biri olan Silk Way West-in donanmasına bu son əlavələr aviaşirkətin davamlılıq məqsədlərinə cavab verir.

“Biz Airbus ilə ilk, lakin əlbəttə ki, sonuncu olmayan müqaviləni imzalamaqdan böyük məmnuniyyət hissi duyuruq və əminəm ki, səy göstərdiyimiz gələcək inkişaf üçün bu çox səmərəli tərəfdaşlıq olacaq. Bu gün qonaqlarımız Silk Way West Airlines-in tarixi məqamlarından birinin şahidi oldular. Əminəm ki, bu yeni təyyarələrin alınması bizə uğur gətirəcək və bu müqavilənin imzalanması şirkətimizin inkişafında yeni mərhələnin əsasını qoyur. Əminəm ki, yeni təyyarələrin alınması önümüzdəki 15-20 il ərzində şirkətimizin qlobal hava yolu ilə yükdaşıma bazarındakı aparıcı mövqelərini daha da gücləndirəcək”, - Silk Way West Airlines-ın prezidenti cənab Volfqanq Meyer bildirib.

Müqavilə Silk Way West Airlines-ın qlobal yükdaşımaları bazarında öz payını artırmaq və regional liderliyini gücləndirmək strategiyasında növbəti addımının təzahürüdür.

2012-ci ildə İpək Yolunun qəlbi sayılan Bakıda əsası qoyulmuş Silk Way West Airlines 500 min tondan ibarət illik yük dövriyyəsi ilə Xəzər dənizi regionunun ən böyük hava yolu ilə yükdaşıma şirkətidir. Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviaşirkət ayda dünyanın 40 istiqaməti üzrə 350 müntəzəm uçuş həyata keçirir.

50 illik innovasiyalar, texnoloji yeniliklər və sənaye mükəmməlliyi təcrübəsi ilə Airbus, kommersiya təyyarələri, helikopterlər, müdafiə, kosmos və təhlükəsizlik qurumları üçün xidmət göstərir, dünya miqyasında müştəri bazasına aerokosmik məhsulların və həllərin layihələndirilməsi, istehsalı və çatdırılması üzrə liderdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti