Bakı. Trend:
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmosun dəstəyilə Milli Aviasiya Akademiyasında Aerokosmik Monitorinq Təlim Mərkəzinin açılışı olub. Azərkosmosun İdarə heyətinin sədri Saməddin Əsədov bununla bağlı suallarımızı cavablandırıb.
– Aerokosmik Monitorinq Təlim Mərkəzi ölkəmizdə kosmik sahə üzrə hansı yeniliklərə yol açacaq?
– Azərbaycan Respublikasının Kosmik Agentliyi olaraq milli kosmik ekosistemin yaradılması, maarifləndirici, elmi və tədqiqat istiqamətli layihələri aktiv surətdə həyata keçiririk.
Müasir avadanlıqlarla təchiz olunmuş Aerokosmik Monitorinq Təlim Mərkəzində geoinformasiya texnologiyalarının tətbiqi, xüsusilə peyk təsvirlərinin analizi, rəqəmsal emalı və coğrafi informasiya sistemləri sahəsində ixtisaslı mütəxəssislər hazırlanacaq.
Hazırda Milli Aviasiya Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, eləcə də digər ali təhsil müəssisələrində aerokosmik, geodeziya, ekologiya mühəndisliyi ixtisasları üzrə mütəxəssislər hazırlanır. Həmin tələbələr bu təlim mərkəzi sayəsində əldə etdikləri nəzəri bilikləri təcrübədə tətbiq etməyi öyrənəcəklər.
– Aerokosmik Monitorinq Təlim Mərkəzinin yaradılması hansı zərurətdən irəli gəldi və ölkədə kosmik sahəyə faydaları nədən ibarət olacaq?
– Ümumiyyətlə, qlobal təcrübədə peyklərdən əldə olunan təsvirlər real vaxtda Yerin və ətraf mühitin həqiqi mənzərəsini izləməyi təmin edir. Peyk təsvirlərinin infrastrukturun qurulması, kənd təsərrüfatı sahələrinin, buzlaq örtüyünün, səhralaşmanın, quraqlığın monitorinqində, təbii fəlakətlərin nəticələrinin xəritələşdirilməsi və dəyişikliklərin öyrənilməsində rolu əvəzsizdir. Bu kimi fəaliyyətləri həyata keçirmək məqsədilə peyk təsvirlərinin istifadəsi üçün müəyyən spesifik bilik və bacarıqlar, peşəkar kadrlar tələb olunur.
Aerokosmik Monitorinq Təlim Mərkəzi məhz bu çağırışlara çevik cavab vermək məqsədilə yaradılıb.
Peyk təsvirlərini analiz etmək, onları elmi tədqiqatlarda və layihələrdə tətbiq etmək o qədər də asan deyil. Bunun üçün müasir proqram təminatlarını bilmək və müxtəlif elektron alətlər vasitəsilə peyk təsvirlərindən istifadənin sadələşdirilməsinə ehtiyac var. Təlim mərkəzinin fəaliyyəti bu istiqamətdə çətinliklərin aradan qaldırılmasına yönələcək.
Bu mərkəz ölkəmizdə coğrafi informasiya sistemləri üzrə sertifikatlaşdırma aparacaq, peyk təsvirlərindən istifadənin düzgün təşkili, bu sahədə fəaliyyət göstərən digər qurumların, universitet və akademiyaların tələbə və mütəxəssisləri üçün təlimlər təşkil edəcək.
Təlim mərkəzinin fəaliyyəti ölkədə peyk təsvirlərindən istifadə etməklə sosial-iqtisadi layihələrin icrasını sürətləndirəcək, eləcə də kosmik sahənin ölkə iqtisadiyyatına töhfəsini artıracaq.
– Təlim mərkəzində tədris prosesi necə təşkil olunacaq?
– Mərkəzdə tələbə, tədqiqatçı və peşəkar mütəxəssislərin iştirakı ilə geoinformasiya texnologiyaları sahəsinin problemlərini və tələbatlarını özündə əks etdirən layihələrin, elmi tədqiqat işlərinin, praktiki məşğələlərin, laboratoriya işlərinin və o cümlədən təlimlərin həyata keçirilməsi planlaşdırılıb. Təlimlər uzun və qısa müddətli olmaqla çoxpilləli formada təşkil olunacaq.
Təlimləri Milli Aviasiya Akademiyasının aerokosmik monitorinq sahəsi üzrə professor və müəllim heyəti, o cümlədən Azərkosmosun Coğrafi informasiya sistemləri mərkəzinin beynəlxalq sertifikatlı əməkdaşları keçəcəklər. Qeyd edək ki, Azərkosmosun əməkdaşları coğrafi informasiya sisteminə dair proqram təminatı, veb-GIS və geoməkan bazası üzrə idarəetmə proqramlarının beynəlxalq təchizatçısı olan ESRI sertifikatına malikdirlər.