...

Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır - Vüqar Rəhimzadə

İqtisadiyyat Materials 4 Oktyabr 2022 16:13 (UTC +04:00)
Azərbaycan etibarlı qaz təchizatçısı kimi Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır - Vüqar Rəhimzadə

Bakı. Trend:

Bu gün Azərbaycanın qaz ixracatçısı kimi beynəlxalq aləmdə rolu artmaqdadır

Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ilə diqqət çəkir. Ölkəmizin malik olduğu enerji resurslarından səmərəli istifadəsi yeni-yeni enerji layihələrinin gündəmə gətirilməsinə və uğurlu sonluqla başa çatdırılmasına geniş yol açır. Əvvəlcə regional çərçivədə başlanan əməkdaşlıq illər keçdikcə coğrafiyasını genişləndirdi, çoxtərəfli əlaqələrin qurulması üçün imkanlar yarandı. Bütün bu uğurların təməlində ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyası dayanır. Ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynayan “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya etibarlı tərəfdaş kimi təqdim etdi. Bu isə öz növbəsində 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanmasını şərtləndirdi. Müqavilənin vaxtının 2050-ci ilə qədər uzadılması özündə ölkəmizin bu gününə və gələcəyinə olan inamı əks etdirir.

Oktyabrın 30-da dövlət başçısı İlham Əliyevin Bolqarıstana rəsmi səfəri zamanı bu ölkənin Prezidenti ilə təkbətək görüşündə, eyni zamanda, geniş tərkibdə keçirilən görüşdə, prezidentlərin mətbuata bəyanatlarında, o cümlədən Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimindəki çıxışlarda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına töhfələrindən, ölkəmizin bu gün qaz ixracatçısı kimi möhkəmlənən mövqeyindən geniş bəhs olundu. Bu mühüm məqam da xüsusi qeyd edildi ki, Bolqarıstan Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunu və Azərbaycandan təbii qaz təchizatının artırılması imkanlarını alqışlayır. İnterkonnektor Bolqarıstanda təbii qaz mənbələrinin real şaxələndirilməsini və enerji müstəqilliyini təmin edən ilk layihədir. Azərbaycandan olan tərəfdaşların və dostların Prezident İlham Əliyevin rəhbərliyi ilə açılış mərasimində iştirakı iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı istiqamətində atılan mühüm addımların tərkib hissəsi kimi dəyərləndirildi.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycanın Avropa İttifaqı, eyni zamanda, bu beynəlxalq təşkilatın üzvü olan ölkələrlə əlaqələri yüksələn xətlə inkişaf edir: “Enerji təhlükəsizliyi məsələsi daim aktual mövzu olub və bu gün bu məsələnin prioritetliyi özünü daha aydın şəkildə büruzə verir. Əsas diqqət çəkən məqam tarixən neft ölkəsi olan Azərbaycanın bu gün qaz ixracatçısı kimi beynəlxalq aləmdə rolunu artırmasıdır. Qeyd edək ki, Azərbaycan qazının Avropaya nəqli 2020-ci ilin axırında Cənub Qaz Dəhlizinin sonuncu seqmentinin - TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliya Azərbaycan qazının alıcılarıdır. Bugünümüzün reallıqlarından da göründüyü kimi, yeni çağırışlar qarşısında Azərbaycan qazına tələbat artır.”

YAP Xətai rayon təşkilatının sədri diqqəti bu ilin iyul ayında Azərbaycanla Avropa İttifaqı arasında imzalanan “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu”na yönəldərək bildirib ki, ölkəmizlə qurum arasında enerji sahəsində uzunmüddətli, proqnozlaşdırılan və çox etibarlı əməkdaşlıq böyük nailiyyətdir: «İmzalanan Memorandum gələcək üçün bir növ yol xəritəsidir. O da məlumdur ki, Azərbaycanla Avropa İttifaqına üzv olan dövlətlərin üçdə biri arasında strateji tərəfdaşlığa dair Memorandum imzalanıb. Bu, ölkəmizin dünyanın enerji təhlükəsizliyində rolunun, həmçinin dünyanın enerji xəritəsini dəyişmək imkanlarının göstəricisidir. Çoxtərəfli əməkdaşlığın başlanğıcı olan və nəzərdə tutulduğu vaxtda icrası başa çatan Cənub Qaz Dəhlizi layihəsində hazırda yeddi ölkə iştirak edir - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya. Göründüyü kimi bu unikal layihə çərçivəsində geniş beynəlxalq əməkdaşlıq yaradılıb. Növbəti mərhələdə üç Balkan ölkəsinin – Bosniya və Herseqovina, Xorvatiya və Monteneqronun tərəfdaşlar kimi bu layihəyə qoşulacağına əminlik ifadə edilir. Ölkə Prezidentinin vurğuladığı kimi, Azərbaycan ixrac imkanlarını genişləndirmək istəyir. Avropada Azərbaycan qazına tələbat var. Avropa bazarı ölkəmiz üçün ən əlverişli bazardır.»

Vüqar Rəhimzadə diqqəti səfər çərçivəsində müzakirə olunan məsələlər sırasında SOCAR-ın Bolqarıstanda ofisinin açılmasının aktuallığına da yönəldib: “Dövlət başçısı İlham Əliyev, həmçinin Bolqarıstan Prezidenti Rumen Radev ofisin açılmasının vaxtı olduğunu bildirdilər. SOCAR-ın artan nüfuzu, uğurla həyata keçirdiyi investisiya layihələri beynəlxalq səviyyədə təqdir edilir. Bolqarıstanda enerji infrastrukturunun yenilənməsində SOCAR-ın iştirakının mümkünlüyü məsələsi də geniş müzakirə olundu. SOCAR-ın Bolqarıstanda nümayəndəliyinin açılması iki ölkə arasında səmərəli əməkdaşlığın əlaməti kimi qeyd edildi.”

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, hər bir layihə əlaqələrin inkişafında, Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında iştirakına işıq salır: “Azərbaycanı arzuolunan, etibarlı tərəfdaş kimi dəyərləndirən Bolqarıstan Prezidenti dünyanın enerji xəritəsini dəyişəcək Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun təkcə ölkələrimiz arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirə biləcəyinə əminliyini ifadə etdi: “Ümumilikdə Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri göz önündədir. Bu gün Azərbaycan öz enerji təhlükəsizliyini 100 faiz təmin edir və bir çox ölkələrin, o cümlədən Avropa İttifaqının üzvlərinin də enerji təhlükəsizliyinə dəstəyini gücləndirir. Ölkəmiz neft, qaz, elektrik enerjisi, neft-kimya məhsulları ixrac edir. Azərbaycanın qarşıdakı dövr üçün hədəflərinə qazın, elektrik enerjisinin və neft-kimya məhsullarının ixracını böyük həcmdə artırmaq daxildir. Azərbaycanın enerji resurslarına ehtiyacın hazırda heç vaxt olmadığı qədər böyük olduğu diqqətdən kənarda qalmır. Ölkəmizlə Avropa İttifaqı arasında enerji dialoquna başlanması da bunun təsdiqidir. Azərbaycanın dünyanın enerji bazarında yerinin, mövqeyinin möhkəmlənməsini tərəfdaş ölkələrin rəsmiləri də böyük məmnuniyyətlə etiraf edirlər. Ölkəmizin dünya enerji bazarında hasilatçı, tranzit ölkə kimi tanınması, Avropa dövlətlərinin enerji təhlükəsizliyinin təminatındakı rolunun artması göstərir ki, Xəzər dənizindən hasil olunan enerji ehtiyatları gələcəkdə də Avropa istehlakçıları üçün yeganə mənbə olacaq. Çünki Cənub Qaz Dəhlizi enerji resurslarının şaxələndirilməsi sahəsində çox önəmli, əvəzolunmaz layihədir.”

Azərbaycan-Bolqarıstan münasibətlərinə gəldikdə isə iki strateji tərəfdaş ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olduğunu önə çəkən Vüqar Rəhimzadə dövlət başçısı İlham Əliyevin “Bizim bütün sahələrdə əməkdaşlığımızın təməlində səmimi münasibətlər dayanır. Bolqarıstan-Azərbaycan əlaqələri çoxşaxəli əlaqələrdir. Xalqlarımız arasındakı tarixi bağlar, əlbəttə ki, bu əlaqələrin təməlində dayanan mühüm amildir. Bu gün, əlbəttə ki, qarşılıqlı maraqlar üzərində qurulmuş o strateji tərəfdaşlıq yeni imkanlar açır. Çünki enerji sahəsində başlanılan çox ciddi əməkdaşlığın çox böyük gələcəyi var” fikirlərini əməkdaşlığın dünəninə baxış əsasında sabahı ilə bağlı prioritetlərin təqdimatı kimi dəyərləndirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti