Bakı. Trend:
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan üzrə tərəfdaşlıq proqramının tezliklə yeni mərhələsinin qəbulu gözlənilir.
Bunu Trend-ə müsahibəsində FAO-nun Mərkəzi Asiya üzrə subregional koordinatoru Viorel Qutu deyib.
“Biz həqiqətən ümid edirik ki, FAO-Azərbaycan tərəfdaşlıq proqramının yeni, ikinci mərhələsi hökumət tərəfindən tezliklə qəbul olunacaq və əməkdaşlığımız tamamilə fərqli səviyyəyə keçəcək”, - Qutu bildirib.
Onun sözlərinə görə, FAO-nun kənd yerlərinin inkişafı sahəsində həll edə biləcəyi texniki problemlər yerlərdə konkret nəticələrə gətirib çıxara bilər və sakinlərin, xüsusən də Azərbaycanın kənd yerlərində yaşayanların həyatını xeyli yaxşılaşdıra, eləcə də ətraf mühitin mühafizəsi ilə bağlı müxtəlif məsələlərə təsir göstərə bilər.
Qutu vurğulayıb ki, FAO təbii ehtiyatların qorunmasına diqqət yetirir, yəni kənd təsərrüfatı məhsullarının səmərəli istehsalının açarı olan torpaq ehtiyatları, su, biomüxtəliflik.
“Hökumətlə ən intensiv müzakirə etdiyimiz layihələrdən biri qida tullantıları sahəsi ilə bağlıdır. Biz bu layihəni regional səviyyədə həyata keçiririk və çox mühüm nəticələr əldə edərək onun Türkiyədə həyata keçirilməsinə ən çox diqqət yetirmişik. Ölkədə bu layihəyə marağı nəzərə alaraq, Türkiyədə qazanılan təcrübəni Azərbaycanda tətbiq etməyi planlaşdırırıq. Qlobal səviyyədə qidanın üçdə birindən çoxu itirilir və israf olunur. Bu dramatik göstərici və böyük problemdir, onun həlli sağlam qida ilə bağlı bir çox məsələləri həll edə bilər. Azərbaycan hökuməti və FAO bu sahədə birgə əməkdaşlıqda maraq göstərir”, - Qutu bildirib.
Həmçinin koordinatorun sözlərinə görə, hazırda FAO-Türkiyə meşə təsərrüfatı üzrə tərəfdaşlıq proqramı çərçivəsində həyata keçirilən regional layihə üzrə bir qrup Bakıdadır.
“Onun məqsədi həm meşə, həm də kənd təsərrüfatı bitkilərinin becərilməsi üçün müxtəlif texnologiyalar vasitəsilə meşələrin bərpası, meşə plantasiyalarının artırılması və torpaq şəraitinin yaxşılaşdırılmasıdır. Biz iqlim dəyişikliyi, torpaq və su ehtiyatlarının mühafizəsi sahəsində əməkdaşlığımıza böyük diqqət yetiririk”.
Bundan əlavə, Qutunun qeyd etdiyi kimi, müxtəlif layihələr çərçivəsində su ehtiyatlarından istifadə məsələləri qaldırılacaq.
“Biz texniki təşkilat olaraq su məsələlərinə sudan səmərəli və rasional istifadə, suvarma sahəsində müxtəlif texnologiyaların tətbiqi, sudan istifadə üsulları, məhz resurslara qənaət və mühafizəsi baxımından baxırıq. Bu fəaliyyət daha çox təsərrüfatlara yönəlib”, - deyə o izah edib.
Koordinatorun sözlərinə görə, su ehtiyatlarına da balıqçılıq baxımından baxılır.
O əlavə edib ki, Azərbaycanda balıqçılığın inkişafı üçün yüksək potensial var.
“Azərbaycan bizim Regional Balıqçılıq və Akvakultura Komissiyasının (CACFISH) çox fəal üzvüdür. Bu, FAO-nun bazasında yaradılmış platformadır, burada Mərkəzi Asiya, Qafqaz və Türkiyə ölkələri balıqçılıq və akvakultura sahəsində təcrübə, texnologiya və innovasiyalar mübadiləsi aparır. Azərbaycanda bu sahədə potensial çox yüksəkdir”, - deyə Qutu bildirib.
FAO nümayəndəsinin qeyd etdiyi kimi, dünyada aclıq və qida çatışmazlığından əziyyət çəkən insanların sayı son bir neçə ildə artaraq, hazırda 828 milyon nəfərə çatıb. Eyni zamanda, 3 milyarddan çox insan tam sağlam qidalanmaya malik deyil. Bu problemlər həm koronavirus pandemiyası, həm də müxtəlif qlobal münaqişələr, iqlim dəyişikliyi və digər aspektlərlə bağlıdır.
“Təəssüf ki, diqqət yetirilməli olan odur ki, biz 2030-cu ilə qədər aclığın aradan qaldırılmasını qarşımıza məqsəd qoyduğumuz halda, son üç ildə bu tendensiya artıb. Bizim çox az vaxtımız qalıb”, - deyə o bildirib.
Qutu əlavə edib ki, FAO əhalinin həssas təbəqələrinin sağlam qidalanmaya çıxışının təmin edilməsi məsələlərini dünya hökumətləri qarşısında qaldırmağa davam edir.
Azərbaycan hökuməti ilə əməkdaşlıqdan danışan FAO nümayəndəsi qeyd edib ki, ölkə ilə çox geniş əməkdaşlıq mövcuddur və bu tərəfdaşlığın daha da dərinləşdirilməsi üçün perspektivlər var.
“Biz Azərbaycan hökuməti ilə müxtəlif sahələrdə intensiv dialoqu davam etdiririk. Mən artıq kənd təsərrüfatı naziri, ekologiya və təbii sərvətlər naziri ilə görüşmüşəm. Bizim regional səviyyədə bir neçə təşəbbüsümüz var ki, onları Azərbaycanda daha da çox təbliğ etmək istəyirik. Bizim çox sıx və fəal əməkdaşlığımız var və biz işi daha da genişləndirmək üçün birlikdə çalışacağıq”, - deyə o bildirib.
Twitter: @mariiakhm