...

Qazaxıstan nefti BTC-də Rusiya neftini əvəz edəcək - Ekspert

İqtisadiyyat Materials 30 Noyabr 2022 21:04 (UTC +04:00)
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Qazaxıstan nefti Bakı-Tbilisi-Ceyhanda (BTC) Rusiya neftini əvəz edəcək.

Bunu bu gün Trend-ə açıqlamasında enerji məsələləri üzrə ekspert İlham Şaban deyib.

Onun sözlərinə görə, "Lukoil" ilk dəfə 2015-ci ilin mayında BTC boru kəməri ilə neft partiyası göndərmişdi. O zaman bu, qiymətləndirmə xarakteri daşıyırdı və nəticələri kommersiya baxımından məqbul olduğundan 2016-cı ildən kommersiya xarakterli daşımalara başlamışdı. Bunun Azərbaycan üçün əhəmiyyəti o idi ki, tranzit daşımaları artırdı.

"Bundan əlavə, bunun digər əhəmiyyəti də vardı. Azərbaycan Prezidenti İlham Əliyev 30 noyabr 2019-cu il tarixində Türkiyənin İpsala qəsəbəsində TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimdə çıxışında belə deyib - “TANAP-a qədər apardığımız birgə işlər TANAP-a yol açdı. Bu günə qədər Bakı-Tbilisi-Ceyhan boru xətti ilə Türkiyə və dünya bazarlarına Azərbaycanın və başqa dövlətlərin 450 milyon tondan çox nefti nəql edilmişdir. Bunun böyük hissəsini - 400 milyon tondan çoxunu Azərbaycan, 27 milyon tonunu Türkmənistan, 12 milyon tonunu Qazaxıstan, 7 milyon tonunu Rusiya nefti təşkil edir. Yəni, bir sözlə, Bakı-Tbilisi-Ceyhan nəinki Azərbaycanın, digər ölkələrin nefti üçün də gözəl bir infrastruktur layihəsi oldu”.

Prezident İlham Əliyevin o zaman ictimailəşdirdiyi rəqəmlərdən belə məlum olur ki, BTC ilə ümumən daşınan neftin 15%-i Rusiya neftinin payına düşüb. “Petroleum Argus”-un son statistikasına görə, 2022-ci ildə hər ay BTC ilə 60-120 min ton Rusiya nefti daşınıb. Cari ilin 10 ayında BTC ilə daşınan tranzit neftin həcmi 4,31 mln. ton təşkil edib. Yəni 15%-lik o proporsiya faktiki qalıb", - ekspert bildirib.

O qeyd edib ki, ilk baxışdan BTC səhmdarları üçün Qərbin sanksiyaları altında olan "Lukoil"un daşımalarının aradan çıxması itkidir. Amma əgər nəzərə alsaq ki, 2023-cü ilin yanvarından Qazaxıstanın “Tengiz” yatağından BTC ilə illik 1,5 mln. ton, aylıq isə 120 min ton (900 min barel ayda) neft daşınacaq, bu, nəinki Rusiya neftini əvəzləməyə imkan verəcək, hətta daha çox daşımalara yol açacaq. Bu baxımdan, heç bir gəlir itkisindən söhbət gedə bilməz.

"İtki nə baxımındandır? Rəsmi Bakı bütün səviyyələrdə daim bəyan edir ki, bizim infrastruktur üçüncü ölkələr üçün açıqdır. Və BTC-nin fəaliyyəti digər enerji ölkələri üçün Azərbaycanın nümunəsində bir örnək idi, həm də qonşu enerji ölkələrinin əməkdaşlığı məsələsində unikallığı ilə seçilirdi. Xəzəryanı ölkələr içərisində Xəzərdə neft hasil edən bütün ölkələr indiyə qədər Azərbaycanın əsas ixrac kəmərindən yararlanırdı: Türkmənistan, Qazaxıstan və Rusiya (Korçagin yatağından hasil edilən neftin bir hissəsini BTC ilə göndərirdi). Bu isə həm də Azərbaycanın ixrac infrastrukturunun bizim ölkə ilə normal qonşuluq münasibətləri olan ölkələrə də qazanc gətirməsi demək idi. Yəni bizdən asılı olmayan səbəblərdən dünyada yaşanan hazırkı hərbi-siyasi vəziyyətdən asılı olaraq Rusiyanın BTC-nin imkanlarından yararlanmağı artıq mümkün olmur", - İ.Şaban vurğulayıb.

Qeyd edək ki, Rusiyanın "Lukoil" şirkəti Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Xəzər dənizindən neft nəqlini dayandırmaq niyyətindədir. Şirkət həmin həcmi Xəzər boru xətti konsorsiumu sisteminə yönəldəcək. Bu qərar Aİ-nin Rusiya neftinə embarqo qoyması ilə əlaqədar verilib.

Aİ dekabrın 5-dən etibarən Rusiyadan neft alışına məhdudiyyətlər tətbiq edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti