Bakı. Trend:
Azərbaycan müasir hava gəmiləri parkının yenilənməsinə böyük önəm verir.
Trend-in məlumatına görə, bu barədə "Airbus" şirkətinin Avropa üzrə icraçı vitse-prezidenti Vauter van Verş bu gün "Azərbaycan Hava Yolları" QSC (AZAL) və "Airbus" şirkəti arasında təyyarələrin satın alınması üzrə müqavilənin imzalanması mərasimində deyib.
Onun sözlərinə görə, bugünədək "Airbus" 8,6 min müxtəlif tipli təyyarələrin satışını həyata keçirib.
"Azərbaycan ən müasir, ekoloji cəhətdən təmiz və rəqabətqabiliyyətli hava gəmilərini satın alır. "Airbus" sərnişin və yük daşımaları sahəsində mühüm rol oynayır və biz bu nöqteyi-nəzərdən yeni standartlara cavab verən hava gəmilərinin inşasını qarşımızda məqsəd qoymuşuq", - o deyib.
Vauter van Verşin sözlərinə görə, hava laynerlərinin təqribən 80 faizi köhnə nəsil hava gəmilərinin payına düşür.
"Azərbaycan müasir hava gəmiləri parkının yenilənməsinə böyük önəm verir. Qeyd etmək istəyirəm ki, biz Avropada da parkların ən müasir hava gəmiləri ilə yenilənməsi üzrə işlər görürük", - deyə o əlavə edib.