Bakı. Trend:
Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC artıq ABŞ-a da boru ixrac etməyə başladı.
Şirkətin xarici bazarda mövqeyinin genişlənməsi və möhkəmlənməsi “Baku Steel Company” QSC-nin əsas hədəflərindən biri hesab olunur. İstehsal olunan məhsulların xarici bazarda uğurla təmsil olunmasının nəticəsi olaraq artıq Azərbaycandan ABŞ-ın Texas ştatına müxtəlif diametrli, tikişsiz borular ixrac edildi.
Borular “Baku Steel Company” QSC-nin Boruyayma sexində ABŞ-ın “ASTM A106” standartının tələblərinə uyğun hazırlanıb və yüksək keyfiyyətlərə cavab verir. Standarta uyğun olaraq, onların istehsalında istifadə edilən pəstahlar “Gr.B“ (Grade B) markalı möhkəm poladdan əldə olunub. Standartın digər tələbinə görə, borular korroziya əleyhinə boyalarla rənglənib, xüsusi üsulla bağlama halına gətirildikdən sonra ixrac olundu.
Qeyd edək ki, “Baku Steel Company” QSC-də istehsal olunan müxtəlif təyinatlı, o cümlədən neft-qaz sənayesində istifadə edilən fərqli ölçü və çeşiddə borular bu vaxta kimi İtaliya, Rumıniya, Türkiyə, Tunis, Rusiya, Qazaxıstan və s. ölkələrdəki tərəfdaşlar, iri şirkətlər tərəfindən alınıb.
Xatırladaq ki, “Baku Steel Company” QSC-də hazırda yüksək keyfiyyətdə armatur, katanka (məftil), kvadrat və dairəvi pəstahlar, tikişsiz borular, habelə çeşidli fasonlu tökmələr istehsal edilir. Fəaliyyəti dövründə şirkətin məhsulları yerli bazarla yanaşı, “Made in Azerbaijan” nişanı ilə Avropa, Amerika və Asiyanın, ümumilikdə, 20-dən çox ölkəsinə satılıb. 2022-ci ildə isə “Baku Steel Company” QSC dünya metallurqlarının nüfuzlu beynəlxalq təşkilatı hesab edilən “World Steel Association”a (Dünya Polad Assosiasiyası) müntəzəm üzvlüyə qəbul olunub.