...

SOCAR 2035-ci ilə qədər metan tullantılarının sıfıra endirilməsi ilə bağlı öhdəlik götürüb - Nazir

Yaşıl iqtisadiyyat Materials 2 Dekabr 2023 17:40 (UTC +04:00)
SOCAR 2035-ci ilə qədər metan tullantılarının sıfıra endirilməsi ilə bağlı öhdəlik götürüb - Nazir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası (COP28) çərçivəsində təşkil olunan Dünya İqlim Fəaliyyəti Sammitində 2035-ci ilə qədər metan tullantılarının sıfıra endirilməsi könüllü öhdəliyini üzərinə götürüb.

Trend xəbər verir ki, bunu iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, SOCAR bununla bağlı müvafiq sənədlər imzalayıb.

"Bu sahədə əsas istiqamət olaraq neft və qaz hasil edilərkən əmələ gələn metan tullantılarının azaldılması üçün bir sıra texniki və texnoloji tədbirlər həyata keçiriləcək. Bu, həm ölkəmizdə iqlim mövzularına olan diqqəti əks etdirir, həm də bu qlobal konfrans çərçivəsində hədəflənən ən böyük məqsədlərdən biridir", - o vurğulayıb.

Nazir qeyd edib ki, tədbirdə Azərbaycanda iqlim məsələləri ilə bağlı həyata keçirilən işlər və layihələr, ölkəmizin irəli sürdüyü təşəbbüslər, Prezidentin işğaldan azad edilmiş əraziləri “yaşıl enerji” zonası elan etməsi, ölkəmizin bir sıra regional təşəbbüslərin həyata keçirilməsində fəal rolu və gündəmdə olan məsələlərə diqqət cəlb etməyə çalışılıb.

O əlavə edib ki, eyni zamanda ölkə iqtisadiyyatında yaşıl keçidin təmin edilməsinin dayanıqlığı, bərpa olunan enerji mənbələrinin bir tərəfdən artırılması, digər tərəfdən iqtisadi səmərəliliyinin təmin edilməsi və bunun üçün özəl investisiyaların həmin sahələrə yatırılması üçün şəraitin yaradılması kimi məsələləri əks etdirilib.

"Azərbaycan dünyanın müxtəlif şirkətləri və sərmayədarları ilə günəş və külək enerji stansiyalarının tikilməsi barədə saziş və memorandumlar imzalayıb. Onlardan sonuncusu oktyabrda Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və SOCAR-ın iştirakı ilə ümumi gücü 1 qiqavat olan günəş və külək stansiyalarının tikilməsidir. Düşünürük ki, ölkəmiz üzərinə götürdüyü hədəflərə yaxud hədəflədiyi göstəricilərə, 2030-cü il üçün ümumi enerji balansımızda bərpa olunan enerji mənbələrinin payının hədəflərə çatdırılması məqsədinə vaxtından öncə çatacaq", - o deyib.

M. Cabbarov xatırladıb ki, Azərbaycanın təşəbbüsü ilə iki həftə öncə ölkəmizdə Azərbaycan, Özbəkistan və Qazaxıstan enerji nazirlərinin iştirakı ilə birgə görüş keçirilib. Bu görüşün əsas məqsədi Azərbaycanda və Mərkəzi Asiya ölkələrində istehsal olunan bərpa olunan enerji mənbələrinin ixracı və mübadiləsi imkanları, Xəzər dənizinin sahillərini birləşdirən enerji kabelinin tikilməsi kimi layihələr müzakirə edilib.

Xəbər lenti

Xəbər lenti