Bakı. Trend:
Dekabrın 21-də Azərbaycandan "Yaraq-Qazmalar" keçid məntəqəsi vasitəsilə Rusiyaya ərzaqlıq yumurtanın ikinci partiyası ixrac edilib.
Trend-in məlumatına görə, bu barədə Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətindən ("Rosselxoznadzor") bildirilib.
Məlumata əsasən, dekabrın 21-də Rusiya ərazisinə sonradan satış məqsədilə "Yaraq-Qazmalar" keçid məntəqəsi vasitəsilə Azərbaycandan həcmi 18 ton (306 min ədəd) olan ikinci yumurta partiyası gətirilib.
Qeyd edək ki, Azərbaycan Respublikasından Rusiya Federasiyasına ərzaqlıq yumurtanın ixracı ilə bağlı əldə olunmuş razılığın icrasına başlanılıb. Dekabrın 19-da Rusiya Federasiyasına "Yaraq-Qazmalar" buraxılış məntəqəsi vasitəsilə Azərbaycan Respublikasından 36 ton (612 min ədəd) həcmində ərzaqlıq yumurtanın ilk partiyası ixrac edilib.
Azərbaycandan ərzaqlıq yumurtanın Rusiya bazarlarına tədarükü barədə qərar bu ilin noyabrında “Rosselxoznadzor”un rəhbəri Sergey Dankvertin ölkəmizə səfəri zamanı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli ilə aparılan danışıqların nəticələrinə əsasən qəbul edilib.