Bakı. Trend:
Qazaxıstan rəqəmsal valyutanın tətbiqi ilə bağlı təcrübəsini Azərbaycanla bölüşməyə hazırdır.
Bu barədə Trend-ə Qazaxıstan Milli Bankının Milli Ödəniş Korporasiyasının sədri Binur Jalenov Bakıda keçirilən Fintex Sammiti çərçivəsində deyib.
"Bildiyimə görə, rəqəmsal manatla bağlı hələ yekun qərar verilməyib. Amma biz həmişə öz təcrübəmizi həmkarlarımızla bölüşməkdən məmnunuq. Rəqəmsal manatın tətbiqi ilə bağlı qərar qəbul edildikdə, biz, birincisi, təcrübəmizi bölüşməyə hazır olacağıq, ikincisi, bu, ölkələrimiz arasında transsərhəd ödənişləri asanlaşdıracaq", - deyə B.Jalenov bildirib.
Onun sözlərinə görə, ölkələrin hər birində rəqəmsal valyutaların olması əməliyyatların dəyərinin azalmasına töhfə vərəcək:
"Rəqəmsal manat və rəqəmsal təngə mövcud olsa, o zaman ölkələrimiz arasında əməliyyatların sürəti və dəyəri potensial olaraq azalmalı olacaq".
O, həmçinin qeyd edib ki, iki ölkənin tənzimləyiciləri bir-biri ilə əməkdaşlıq edir:
"Biz həmişə Azərbaycan Mərkəzi Bankından olan həmkarlarımızla böyük məmnuniyyətlə əməkdaşlıq edirik. O, çox inkişaf etmiş bir tənzimləyicidir".
Qeyd edək ki, rəqəmsal təngə layihəsi daha əvvəl 2021-ci ildə konsepsiyanın həyat qabiliyyətini yoxlamaq üçün istifadəyə verilib. Platformanın real istehlakçılar və müəssisələrin iştirakı ilə sınaqdan keçirilməsi də daxil olmaqla tətdqiqatlar 2022-ci ildə davam edib.
15 noyabr 2023-cü ildə sənaye sxemi daxilində rəqəmsal təngə platformasının tətbiqinin birinci mərhələsinə start verildi. Almatı şəhərinin akkreditasiyası və “Kazpost” ASC ilə birlikdə məktəblərdə pulsuz yemək üçün “rəqəmsal vauçerlər” pilot layihəsinə start verilib. Bundan əlavə, beynəlxalq ödəniş sistemləri və 4 ikinci səviyyəli bankla birlikdə mərkəzi bankın rəqəmsal valyutasında ilk rəqəmsal hesaba qoşulmaqla dünyanın ilk bank kartları istifadəyə verilib, bu da vətəndaşlara dünyanın istənilən yerində və tanış istifadəçi səyahətində xərcləmək, nağd pul çıxarmaq və rəqəmsal təngə ilə əməliyyatları aparmaq imkanı verir.