Bakı. Trend:
Ölkənin biznes icmasının aparıcı şirkət nümayəndələri, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və digər dövlət qurumları rəsmilərinin iştirakı ilə “Best Managed Companies Azerbaijan 2024” biznes müsabiqəsinin təltifetmə mərasimi keçirildi.
May ayının 30-da keçirilən müsabiqənin təltifetmə mərasimində bu ilki qaliblərin adları açıqlanıb. Beləliklə, “Embawood”, “Araz Supermarketlər şəbəkəsi”, “Azerconnect Group”, “Bridge Group of Companies” və “Metak” şirkətləri müsabiqənin qalibləri seçilmişlər.
“Best Managed Companies” layihəsi Deloitte şirkəti tərəfindən 30 il ərzində 50-yə yaxın ölkədə uğurla həyata keçirilmiş beynəlxalq bir müsabiqədir. Müsabiqədəki iştirakçı şirkətlər müstəqil münsiflər heyəti tərəfindən strategiya, insan kapitalının inkişafı, öhdəlik və maliyyə göstəriciləri kimi dörd meyar əsasında qiymətləndirilirlər. Müsabiqənin əsas məqsədi yüksək biznes fəallığı ilə fərqlənən yerli özəl şirkətləri qiymətləndirmək və onları geniş ictimaiyyətə tanıtmaqdır.
Qeyd edək ki, Azərbaycanın ilk milli mebel brendi olan Embawood insanlara gündəlik həyatda rahatlıq təmin edən, tərz və zövqlərinə uyğun mebel təqdim etmək məqsədi ilə çıxdığı bu yolda hazırda təkcə Azərbaycan ərazisində 3 fabrik və 140-dan çox mağaza ilə ölkənin demək olar ki, hər yerində müştərilərinə xidmət göstərməkdədir. 28 illik fəaliyyəti ərzində nəinki istehsalat sahəsində, həmçinin korporativ idarəetmədə də innovasiyaların və müasir tendensiyaların izlənməsi və istifadə edilməsi şirkətin əsas prioritetlərindən olmuşdur.