Bakı. Trend:
Slovakiya ilə Azərbaycan arasındakı münasibətlər yalnız neft-qaz sahəsində deyil, eyni zamanda, qeyri-neft sahəsində də sürətlə inkişaf edəcək.
Trend xəbər verir ki, bu barədə Slovakiya iqtisadiyyat nazirinin müavini Kamil Şaşko Bakıda Azərbaycan-Slovakiya biznes forumunda çıxış edərkən bildirib.
K.Şaşko perspektivli sahələr arasında əczaçılıq, aqrosektor, qida məhsullarının tədarükü, innovativ texnologiyalar və İKT-ni qeyd edib.
"O gün Bakıda Azərbaycan iqtisadiyyat naziri Mikayıl Cabbarovla müvafiq danışıqlar apardıq. Bu gün B2B görüşlərində biznes səviyyəsində məsləhətləşmələr keçiriləcək. Bütün əməkdaşlıq sahələrində uğurlu danışıqlar üçün sağlam hüquqi bazalar mövcuddur", - Şaşko vurğulayıb.
O, biznes forumuna qeyri-neft sektorundan 16 şirkətin qatıldığını, onların enerji, İKT, əczaçılıq və digər sahələrdə əməkdaşlığı müzakirə edəcəyini bildirib.