Bakı. Trend:
Şahdəniz Kompressiya layihəsi üzrə yekun investisiya qərarının bu ilin ikinci yarısında - ilin sonuna yaxın verilməsi nəzərdə tutulur.
Trend-in məlumatına görə, bunu Şahdəniz Kompressiya (ŞDK) layihəsinin Ətraf Mühitə və Sosial-İqtisadi Sahəyə Təsirin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüşdə "bp-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.
O qeyd edib ki, layihənin nə qədər maliyyəyə başa gəlməsi, podratçıların kim olması, hansı tikinti sahəsində tikilməsi kimi detallar o zaman məlum olacaq.
"Daha sonra layihənin icrasına başlanılacaq. Şahdəniz təkcə Azərbaycanın yox, bp-nin dünyada ən böyük qaz layihələrindən biridir.
Ümumiyyətlə, bp-nin ən böyük qaz yatağı kəşfidir. bp üçün böyük şərəfdir ki, Azərbaycanın bu böyüklükdə qaz layihəsinin əməliyyatçısıdır", - o əlavə edib.