Bakı. Trend:
Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində İranın şimalında yerləşən Rəşt-Astara dəmiryolunun tikintisində İran, Azərbaycan və Rusiya əməkdaşlıq edəcək.
Trend-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq bu gün (18 fevral) Tehranda Xəzəryanı ölkələrin 3-cü İqtisadi Forumundan sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Rəşt-Astara dəmiryolunun tikintisi ilə əlaqədar bir sıra razılaşmalar əldə olunub və hazırda bu dəmiryolunun tikintisi ilə əlaqədar yeni addımlar atılmaqdadır.
İranlı nazir bununla əlaqədar tezliklə ətraflı məlumatın veriləcəyini qeyd edib.
F.Sadiq əlavə edib ki, 3-cü İqtisadi Forumda dəmiryol və yol dəhlizləri haqda bir sıra məsələlər müzakirə olunub və Xəzəryanı ölkələr arasında əldə olunan razılaşmalar haqda məsləhətləşmər aparılıb.
Qeyd edək ki, 2000-ci il 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanmış hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" nəqliyyat dəhlizinin təməli qoyulub. Ümumilikdə bir sıra ölkələr sözügedən Sazişi ratifikasiya edib. (Azərbaycan Respublikası, Belarus Respublikası, Bolqarıstan Respublikası, Hindistan, İran İslam Respublikası, Qazaxıstan Respublikası, Qırğızıstan Respublikası, Oman Sultanlığı, Rusiya Federasiyası, Tacikistan Respublikası, Türkiyə Respublikası, Ukrayna). Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır (hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə 3 həftə olması gözlənilir).
Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün 6 mart 2019-cu il tarixində Qəzvin – Rəşt (175 km) dəmiryolu istifadəyə verilib. İran ərazisində Rəşt – Astara dəmir yolu tikilməlidir.
Şimal-Cənub Dəhlizinin İran ərazisində 3 istiqaməti var. Şərq istiqaməti Türkmənistan və Orta Asiya ölkələri, Orta istiqaməti Xəzər dənizi vasitəsi ilə Rusiya və sairə ölkələr, Qərb istiqaməti Azərbaycan, Gürcüstan, Rusiya və Şərqi Avropa ölkələri.
Qeyd edək ki, 17 may 2023 tarixində İranın şimalında yerləşən Gilan vilayətində Rəşt-Astara dəmiryolunun tikintisi üzrə Rusiya və İran arasında saziş imzalanıb. Təxminən 163 km uzunluğunda olan Rəşt-Astara dəmiryolu xəttində 9 stansiya tikiləcək. Bu dəmiryolunun tikintisinin başa çatdırılması ilə Şimal-Cənub Beynəlxalq Dəhlizi təkmilləşəcək və İranın dəmiryol şəbəkəsi Qafqaz ölkələri, Rusiya və Şimali Avropa ölkələrinə birləşəcək. Sazişə əsasən bu dəmiryolunun tikintisinə Rusiya tərəfinin 1,6 milyard avro dəyərində vəsait xərcləməsi gözlənilir. Bu dəmiryolunun 48 ay ərzində tikilərək başa çatdırılması nəzərdə tutulub.