Bakı. Trend:
Ötən il Birləşmiş Krallıqdan Azərbaycan iqtisadiyyatına cəlb olunmuş birbaşa xarici investisiyalarının həcmi 1,75 milyard ABŞ dolları təşkil edib.
Bu barədə Trend Azərbaycan Mərkəzi Bankından məlumat əldə edib.
Məlumata əsasən, 2023-cü ildəki göstərici ilə müqayisədə ötən il sözügedən ölkədən Azərbaycan iqtisadiyyatına investisiyalar 109 milyon ABŞ dolları və ya 5,9% azalıb.
Hesabat ilində Azərbaycana birbaşa xarici investisiyaların ümumi həcmində Birləşmiş Krallıqdan yatırılan investisiyaların payı 24,8% təşkil edib.
Öz növbəsində, Azərbaycan ötən il Birləşmiş Krallığın iqtisadiyyatına 111,2 milyon ABŞ dolları sərmayə qoyub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 45,6 milyon ABŞ dolları və ya 29% azdır.
Birbaşa xarici investisiyaların ümumi həcmində Birləşmiş Krallığa həyata keçirilən Azərbaycan investisiyalarının xüsusi çəkisi 6,3% təşkil edib.
Xatırladaq ki, 2023-cü ildə Birləşmiş Krallıqdan Azərbaycana birbaşa xarici investisiyaların həcmi 1,86 milyard ABŞ dolları, Azərbaycandan sözügedən ölkəyə yatırılan investisiyaların həcmi isə 156,8 milyon ABŞ dollarına bərabər olub.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 7,046 milyard ABŞ dollarına bərabər olub. Bu isə 2023-cü ildəki göstərici ilə müqayisədə 388,1 milyon ABŞ dolları və ya 5,83% artım deməkdir.
Eyni zamanda, hesabat ili ərzində Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa xarici investisiyaların həcmi isə 1,76 milyard ABŞ dolları olub ki, bu da 2023-cü ildəki göstərici ilə müqayisədə 1,35 milyard ABŞ dolları və ya 43,3% azdır.