Bakı. Trend:
Özbəkistan üçün TRIPP təşəbbüsü (Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu) ölkənin açıqlıq və iqtisadi modernləşmə strategiyasına orqanik şəkildə inteqrasiya olunan çoxsəviyyəli imkanlar platformasına çevrilə bilər.
Bunu Trend-ə sosioloji elmlər doktoru Azamat Seitov (Özbəkistan) bildirib.
“İlk növbədə, TRIPP Özbəkistan üçün keyfiyyətcə yeni tranzit-logistika perspektivləri açır. Dünya okeanlarına birbaşa çıxışı olmayan dövlət kimi Özbəkistan obyektiv olaraq nəqliyyat marşrutlarının şaxələndirilməsində maraqlıdır”, – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, Cənubi Qafqaza və oradan da qərb bazarlarına yönəlmiş alternativ dəhlizlərin inkişafı ənənəvi istiqamətlərin məhdud sayından asılılığı azaltmağa, xarici ticarətin dayanıqlığını artırmağa, ixracatçılar və idxalçılar üçün logistika xərclərini azaltmağa imkan verəcək.
“Bu mənada TRIPP Özbəkistanın regional nəqliyyat-logistika habına çevrilməsi istiqamətində milli səyləri tamamlayır”, – deyə A. Seitov vurğulayıb.
O, həmçinin təşəbbüsün ticarət-iqtisadi ölçüsünə diqqət çəkib.
“Layihədə iştirak multimodal marşrutlar vasitəsilə Özbəkistan məhsullarının Avropa və Yaxın Şərq bazarlarına daha fəal çıxışı, eləcə də malların emalı, saxlanması və daşınmasına xarici tərəfdaşların cəlb edilməsi üçün şərait yaradır”, – deyə o bildirib.
ABŞ vitse-prezidenti Cey Di Vensin Azərbaycana planlaşdırılan səfərindən danışan ekspert qeyd edib ki, bu səfər TRIPP-in təkcə Cənubi Qafqaz üçün deyil, həm də daha geniş regional kontekstdə, o cümlədən Mərkəzi Asiya üçün təşviqində mühüm mərhələ ola bilər.
“Hesab edirəm ki, cənab Vensin səfəri bu təşəbbüsün regionun tranzit və infrastruktur gündəliyinin mühüm tərkib hissəsi kimi həyata keçirilməsinə töhfə verəcək. Bu gün ABŞ TRIPP-i Cənubi Qafqazda sülh gündəliyinin möhkəmləndirilməsi və ticarət-infrastruktur inteqrasiyasının gücləndirilməsi üçün strateji layihə kimi dəyərləndirir ki, bu da Mərkəzi Asiya da daxil olmaqla qonşu regionlara birbaşa təsir göstərə bilər”, – deyə o əlavə edib.
Xatırladaq ki, 2025-ci ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Sənəddə regional əlaqələrin bərpası çərçivəsində Zəngəzur dəhlizinin (“Tramp marşrutu”) istifadəyə verilməsi nəzərdə tutulur. Bununla yanaşı, iki ölkənin xarici işlər nazirləri “Sülh və Dövlətlərarası Münasibətlər haqqında” Sazişi paraflayıblar.
2026-cı ilin yanvarında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin dövlət katibi Marko Rubio Vaşinqtonda görüşərək TRIPP layihəsinin həyata keçirilməsi üçün çərçivə proqramını təqdim ediblər.
