Azərbaycan, Bakı, 07 may/ Trend , müxbir S.Əliyev, A.Bədəlova/ Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) üçün $50 mln. məbləğində kreditin ayrılması barədə məsələnin müzakirəsini dayandırıb. Bu kredit Biləcəri və Böyük Şor qəsəbələrində lokomotivlərə xidmət bazalarının yaradılması, həmçinin, lokomotivlərin ehtiyat hissələrinin alınması üçün nəzərdə tutulub. Bu barədə çərşənbə günü AYİB-in nəqliyyat üzrə baş bankiri Lin O'Qreydi məlumat verib.
ADDY-ə kreditin verilməsi üçün müzakirələrin dəfələrlə təxirə salınan sonuncu tarixi AYİB Direktorlar Şurasında apreln 28-ə təyin edilib. Lakin, layihə bankın Direktorlar Şurasında nəzərdən keçirilməyib.
"Layihə bankın Direktorlar Şurasında müzakirə edilmək üçün inkişaf mərhələsinə çatmayıb", - bankın nümayəndəsi Trend -a bildirib. "Biz layihəni ADDY və Azərbaycan hökuməti ilə razılaşdıra bilmədik", - bankir söyləyib.
AYİB-in rəsmi saytında bu layihənin statusu "qeyri-aktiv" kimi göstərilir.
Layihə ADDY-nin dəmir yolu əməliyyatlarının təhlükəsizliyini və effektliliyini artırmaq və xüsusilə də yolun trafikinin 75 faizini təşkil edən neft və neft məhsulları daşınmalarında neftin axması riskini azaltmaq üçün nəzərdə tutulub. Layihənin hazırlanması üzrə işlər Britaniyanın Trust Fund bankı tərəfindən 49,95 min həcmində maliyyələşdirib.
Lakin kreditin ayrılması məsələsinin gündəlikdən çıxarılması AYİB-in Azərbaycan Dəmir Yolu ilə əməkdaşlığının başa çatmasından xəbər vermir. Avropa İnvestisiya Bankı (AİB) AYİB ilə birlikdə 1,252 mlrd. manat dəyərində "2008-2011-ci illərdə Azərbaycanın dəmir yolunun inkişafı Dövlət Proqramı"nın reallaşdırılmasının ikinci mərhələsində iştirak etmək niyyətindədir. Dövlət Proqramının bu il qəbul ediləcəyi gözlənilir. Bu maliyyə institutları dəmir yolu layihəsinin maliyyələşdirilməsi üçün Azərbaycana $500 mln. təklif ediblər.
Dəmir yolunun inkişafı proqramının reallaşdırılması çərçivəsində, 50 lokomotiv almaq planlaşdırılır (hazırda texniki məsləhətçi seçilir). Dəyəri 759 mln. manat olan birinci mərhələdə Bakı-Böyük Kəsik dəmir yolunun (Gürcüstan sərhədinədək 503 km uzunluğunda yolun bir hissəsi) 240 kilometri tamamilə yenidən qurulacaq. Yolun yenidən qurulması qatarların sürətini saatda 10 km-dək artırmağa imkan verəcək. Hazırda orta sürət saatda 80 km/s təşkil edir.
Bundan əlavə, Proqramın reallaşdırılması dəmir yolunun səhmləşdirilməsini nəzərdə tutur. Bu məsələ ADDY-nin seçəcəyi məsləhətçi ilə birgə hazırlanacaq. Proqramın reallaşdırılmasının ümumi dəyəri 1 mlrd. 252 mln. manat təşkil edir.
Həmçinin, bu Proqram çərçivəsində dəmir yolunun lokomotiv və vaqon parklarının yenidən qurulması, enerji təsərrüfatının, siqnalizasiya və rabitə sisteminin yaxşılaşdırılması, dəmir yolu təsərrüfatının yenidən qurulması və digər infrastrukturun bərpa edilməsi üzrə işlər nəzərdə tutulur. Adətən AYİB və Avropa İnvestisiya Bankının iştirakı ilə layihələrin birgə maliyyələşdirilməsi zamanı nisbət paritet əsasda olur, birləşdirilmiş kreditin şərtləri isə sadələşdirilir. AİB-in şərtlərinə əsasən, kredit libor+0,5 faiz, Avropa bankının şərtlərinə görə isə, libor+1 faizlə verilir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]