Azərbaycan, Bakı, 06 iyun / Trend , müxbir U.İsmayılova/ Azərbaycanda qanunsuz tikililərin yarısı söküləcək. Bu barədə cümə günü Azərbaycanın Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin rəhbəri Arif Qaraşov bildirib. Bu problem Dünya Bankı (DB) ilə layihə çərçivəsində həll ediləcək.
"Azərbaycanda 400 mindən çox qanunsuz yaşayış evi qeydə alınıb və onların yalnız yarısı texniki təhlükəsizlik qaydalarına cavab verir", - deyə Qaraşov bildirib.
Azərbaycan hökuməti və DB 2007-ci ilin iyul ayında daşınmaz əmlakın vahid kadastr sisteminin birgə tətbiqinə dair saziş imzalayıb. Layihə dörd komponentdən ibarətdir - daşınmaz əmlakın qeydiyyatı; dövlət əmlakının idarə olunması və reyestri; baza kartoqrafiyası və torpaq kadastrı; treninqlər, siyasətin formalaşdırılması və layihənin idarə olunması. Layihənin dəyəri 38,57 mln. dollar təşkil edir. Bu məbləğin 30 mln. dolları DB kreditinin payına düşür. Kredit vəsaitləri 5 il güzəştli dövr olmaqla 20 il müddətinə ayrılıb.
Qaraşovun sözlərinə görə, DB ekspertləri ilə reestr xidmətinin ekspertləri layihənin reallaşdırılması çərçivəsində tikililərin inventarizasiyasını keçirəçəklər və nə dərəcədə təhlükəli olduğunu qiymətləndirəcək, bundan sonra keyfiyyəti standartlara müvafiq olmayan tikililər söküləcək.
O bildirib ki, əgər ekspertlər tikintinin bütün qəbul edilmiş standartlar əsasında tikildiyi barədə rəy verərlərsə, bu tikililər qanuniləşdiriləcək.
Qaraşov bildirib ki, qanunsuz tikili sahiblərinə kompensasiyanın ayrılması və ya onların daha əlverişli yaşayış yerlərinə köçürülməsi məsələsi isə, bu məsələyə hökumətdə baxılandan sonra həll ediləcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]