Azərbaycan, Bakı, 29 dekabr/ Trend / "Azərdəmiryolbank" ASC Özəl Sektorun İnkişafı İslam Korporasiyası (İİK) ilə 2008 - ci ilin avqustunda imzalanmış kredit sazişi çərçivəsində 500 min dollar məbləğində ikinci tranş alıb, - bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov məlumat verib. Kredit xəttinin ümumi məbləği üç milyon dollar təşkil edir.
Onun sözlərinə görə, 6 il müddətinə cəlb olunan maliyyə vəsaitləri şəriət bankçılığı qaydalarına uyğun istifadə olunmaqla, Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinə ayrılacaq. Tütünçülük və şərabçılıq ilə yanaşı, mühafizə, turizm və əmlak sektorları istisna olmaqla, digər sahibkarlıq fəaliyyəti növləri, o cümlədən aqrobiznes, biotexnologiyaların tətbiqi, təhsil, ümumi istehsalat, səhiyyə, informasiya texnologiyaları, multimedia, telekommunikasiya və nəqliyyat sahələrinin inkişafının dəstəklənməsi üçün bu kredit xəttindən istifadə olunacaq.
Azərdəmiryolbank İİK-dən sentyabrda alınmış 500 min dollar məbləğində ikinci tranşı artıq uğurla yerləşdirib.
Bankın xarici borclanmalarının ümumi həcmi 115 milyon dollara yaxınlaşıb.
Azərbaycanın ilk kommersiya bankı olan "Azərdəmiryolbank" ASC 1989 - cu ildə təsis edilib. Bankın səhmdarları sırasında dünyanın nüfuzlu maliyyə institutlarından olan Avropa Yenidənqurma və İnkişaf Bankı (AYIB), Hollandiya İnkişaf Bankı (FMO) vardır. Bakı və regionlar üzrə Bankın 30 filial və şöbəsi fəaliyyət göstərir.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]