...

Azərbaycan qarşılıqlı sosial təminat üzrə ölkələrin siyahısını genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Mart 2009 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 mart / Trend , müxbir Ü.İsmayılova /  

"Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu xarici ölkələrdə yaşayan Azərbaycan vətəndaşlarının sosial sığorta hüquqlarının tanınması üçün görüləcək işləri intensivləşdiriləcək", - fondun məlumatında deyilir.

"Xarici ölkələrdə əmək miqrantları kimi fəaliyyət göstərən Azərbaycan Respublikası vətəndaşlarının gələcək pensiya və digər sosial sığorta hüquqlarının tanınmasını təmin etmək məqsədi ilə həmin ölkələrlə beynəlxalq müqavilələrin bağlanması tədbirləri "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək", - məlumatda bildirilir.

Sosial fond yaxın zamanlarda azərbaycanlı miqrantların yaşadığı ölkələrlə ikitərəfli razılaşmalar bağlamaq niyyətindədir.

Azərbaycan artıq Türkmənistan, Ukrayna, Moldova, Türkiyə, Gürcüstan, Qazaxıstan və Özbəkistanla vətəndaşların pensiya təminatı müqavilələrinə malikdir ki, bu müqavilələrə  əsasən də vətəndaşlar yaşadıqları ölkənin sisteminə uyğun olaraq təqaüdlə təmin olunurlar.

Fond Beynəlxalq Sosial Təminat Assosiasiyası (BSTA) çərçivəsində Səudiyyə Ərəbistanı Krallığı, Türkiyə, Almaniya, Rusiya Federasiyası, Belarus Respublikası, Ukrayna, Moldova, İran, Polşa, Litva, Latviya və İsraillə qarşılıqlı əməkdaşlıq haqda sazişlər bağlayıb.

Komitə həmçinin Rusiya, Belarus və İsraillə qarşılıqlı pensiya sazişləri bağlamaq üçün də danışıqlar aparır.

"2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" prezident İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilib. Azərbaycanda sığorta-pensiya sistemində həyata keçirilən islahatların növbəti mərhələsini müəyyənləşdirən Dövlət Proqramı pensiya təminatında sığorta prinsiplərinin gücləndirilməsini və tədricən yığım komponentinin tətbiqinə keçidi nəzərdə tutmaqla, pensiya islahatlarının daha da dərinləşdirilməsini, aparılan islahatlar nəticəsində qurulmuş yeni sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunmasını, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsini özündə ehtiva edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti