...

Azərbaycanda miqrasiya sahəsində "bir pəncərə" prinsipinin tətbiqi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə normal yaşamasına şərait yaradacaq - Parlamentin komissiya sədri

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Mart 2009 14:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 mart / Trend , müxbir C.Babayeva /

Azərbaycanda miqrasiya sahəsində "bir pəncərə" prinsipinin tətbiqi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə yaşaması üçün normal şəraitin yaradılmasına xidmət edəcək, cümə axşamı Trend -a Milli Məclisin (Parlament) İnsan hüquqları daimi komissiyasının sədri, millət vəkili Rəbiyyət Aslanova bildirib.

"Bir pəncərə" prinsipinin tətbiqi miqrasiya prosesinin düzgün tənzimlənməsi üçün gercəkləşəcək. Prinsipin tətbiqinin nəzərdə tutulduğu Fərmandakı hər bir maddə insan hüquq və azadlıqlarının təmin olunması, həmçinin Azərbaycana gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ölkədə yaşaması üçün normal şəraitin yaradılması, onların hüquqlarının qorunması prosesini saflaşdıracaq və sadələşdirəcək", - Aslanova deyib.

Trend -un arayışı: Azərbaycan prezidenti çərşənbə günü bu ilin iyulun 1-dən miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipinin tətbiq olunması barədə fərman imzalayıb.

Fərmana görə, miqrasiya proseslərinin idarə olunmasında "bir pəncərə" prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərinin həyata keçirilməsi Dövlət Miqrasiya Xidmətinə həvalə olunub.

Qeyri-hökumət təşkilatlarının hesabatlarına görə, Azərbaycanda 70 ölkədən gələn 100 mindən artıq miqrant yaşayır.

Rəsmi məlumatlara görə, Azərbaycanda 54 mindən artıq miqrant Daxili İşlər Nazirliyində qeydiyyata alınıb. Miqrantların əksəriyyətini Gürcüstan, Orta Asiya respublikaları, İran, İraq, Pakistan, Hindistan, Banqladeş, Çin, Nigeriya və digər ölkələrdən olanlar təşkil edir.

Komissiya sədrinin sözlərinə görə, miqrasiya sahəsində "bir pəncərə" prinsipinin tətbiqi həmçinin ölkəyə gələn əcnəbilərin hansı fəaliyyətlə məşğul olduqlarını dəqiqləşdirməyə imkan verəcək.

"Azərbaycanın "İmmiqrasiya haqqında" Qanununa əsasən, ölkəyə gələn şəxslər iki il yaşadıqdan sonra müəyyən müraciətlər əsasında immiqrant statusu alırlar. Bu aradakı illər ərzində onların Azərbaycanda hansı fəaliyyətlə məşğul olacaqlarını müəyyənləşdirmək üçün "bir pəncərə" tətbiq olunacaq", - Aslanova deyib.  

Aslanova bildirib ki, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər demokratik mühitdə yaşamaq və işləmək imkanı qazanacaqlar və onların hüquqları dövlət tərəfindən qorunur.     

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti