...

Azərbaycanda "donuz qripi" virusu qeydə alınmayıb: ÜST nümayəndəliyinin rəhbəri ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 May 2009 11:13 (UTC +04:00)
Azərbaycanda "donuz qripi" virusu qeydə alınmayıb: ÜST nümayəndəliyinin rəhbəri ilə müsahibə

Azərbaycan, Bakı, 12 may / Trend , müxbir S.Babayeva /

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kamran Qaraxanov  ilə Trend -ın müsahibəsi.

- Zəhmət olmasa, yeni "donuz qripi" - A/H1N1 virusunun ümumi xüsusiyyətləri barədə danışardınız.

 

- A/H1N1 virusu insanlarda xəstəlik yaradan yeni qrip virusudur. Qripə oxşar xəstəlik hallarının qeyri-adi artımı martda Meksikada müşahidə olunub. Virus insanlarda ilk olaraq apreldə ABŞ-da aşkarlanıb.

Bu virusun ilkin olaraq "donuz qripi" adlandırılmasının səbəbi laboratoriya təhlillərinin bu yeni virus genlərinin böyük hissəsinin adətən donuzlar arasında yayılan qrip virusu genləri ilə olduqca oxşar olmasını göstərməsi oldu. Lakin sonrakı tədqiqatlar yeni virusun adətən donuzlarda rast gəlinən qrip virusundan əhəmiyyətli dərəcədə fərqləndiyini göstərdi.

Yeni virus adətən donuzlar arasında gəzən qrip virusunun iki geninə, həmçinin quş və insan qripi viruslarının genlərinə malikdir. Hazırda xəstəliyin insanlar arasında baş qaldırması virusun insandan insana keçməsi yolu ilə baş verir. Bu xəstəliyə yoluxan insanlar oskürdükdə və asqırdıqda yoluxucu damcılar onların əllərinə, digər orqanlara düşür və ya havaya səpələnir. Digər insan yoluxucu havanı nəfəsinə çəkə bilər və ya yoluxucu əllərə və digər orqanlara toxunaraq bu xəstəliyə yoluxa bilər. A/H1N1 qripinin ilk simptomları adi qripə oxşardır və yüksək temperatur, baş ağrıları, əzələ və oynaqlarda ağrılar, boğaz iltihabı və zökəm, adətən isə qusma və diareya ilə müşahidə olunur.

Tez-tez xəstələnmə halları səyahət edən gənc insanlar arasında qeydə alınıb. Yoluxma hallarının əksəriyyəti çox güman ki, yüngül olur. Yüngül hallar mövsümi qrip simptomları - yüksək temperatur, oskürək, ağrılarla müşahidə olunur. Ağır hallar isə (məsələn, Meksikada və bəzi hallarda ABŞ-da) pnevmaniya və respirator infeksiyası, xəstəxanaya yerləşdirmə və ölümlə nəticələnmə ilə müşahidə olunub. Kişi və qadın cinsindən olan insanlar eyni tezliklə yoluxurlar. İnkubasiya dövrü bir gündən beş günə qədərdir. A/H1N1 virusunun qarşısını almaq üçün vaksinlər, antivirus profilaktik preparatlar və s. kimi xüsusi tədbirlər yoxdur.

- Dünyada A/H1N1 qripi ilə bağlı vəziyyət necə dəyişir?

- Vəziyyət olduqca tez dəyişir. Mayın 12-si Qrinviç vaxtı ilə saat 06.00 üçün 30 ölkə 5251  A/H1N1 qripi hallarının qeydə alındığı barədə rəsmi məlumat verib. Meksika laboratoriyalarda insanlar arasında 2059-dan çox yoluxma hallarının təsdiq edildiyini və onlardan 56-sının öldürücü olduğunu bildirib. ABŞ insanlar arasında üç ölümlə nəticələnən hal da daxil olmaqla, 2600 yoluxma halının laboratoriyada öz təsdiqini tapdığı barədə məlumat verib.

ÜST-nin rəhbəri Marqaret Çan aprelin 29-da bütün daxil olan informasiyaların təhlilinə əsaslanaraq və ekspertlərlə aparılan bir sıra məsləhətləşmələrdən sonra təhlükənin hazırkı səviyyəsini 4-cü fazadan 5-ə qaldırdı. O bildirdi ki, bütün ölkələr pademiyaya hazırlıq planlarını dərhal fəallaşdırmalıdır. Hazırkı mərhələdə əsas və səmərəli tədbirlər epidemiya üzərində nəzarətin gücləndirilməsi, yoluxma hallarının tez bir zamanda aşkarlanması və müalicə edilməsi, həmçinin bütün tibb müəssisələri üzərində nəzarətin gücləndirilməsindən ibarətdir (5-ci faza: müəyyən olunan virus ÜST-nin bir regionunun iki və daha artıq ölkəsində dövlət səviyyəsində xəstəliyin davamlı şəkildə baş qaldırmasına səbəb olub).       

- ÜST-nin rolu nədən ibarətdir və sizin təşkilat A/H1N1 qripinə qarşı qlobal səviyyədə nə edir?

- ÜST insanlar arasında A/H1N1 qripi hallarına cavab olaraq keçirilən qlobal tədbirləri əlaqələndirir, qripin pandemiya təhlükəsi ilə bağlı vəziyyətin monitorinqini aparır. ÜST qlobal səviyyədə bir sıra tədbirlərin keçirilməsinə cəlb edilib. ÜST virusun dövr etməsi üzərində daimi monitorinqləri davam etdirməklə BMT-nin digər tərəfdaşları və qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində xəstəliyin yayılmasına qarşı lazımi cavab tədbirləri həyata keçirir.

ÜST-nin rəhbəri farmakologiya şirkətləri ilə inkişaf etməkdə olan ölkələrin gələcəkdə antivirus pereparatlarına olan ehtiyaclarının ən yaxşı formada necə təmin edilməsi barədə müzakirələri davam etdirir. Diaqnostikaya gəldikdə isə, ÜST-nin əməkdaşlıq mərkəzləri və ABŞ-ın Xəstələnməyə Nəzarət üzrə Komitəsi sonradan ölkələrin milli laboratoriyalarına göndərilməsi üçün qrip üzrə əməkdaşlıq şəbəkəsinin bütün laboratoriyalarına diaqnostikasına lazım olan test-sistemlər göndərir.

ÜST-nin ABŞ və Böyük Britaniyadakı tərəfdaşları hazırda vaksinlərin hazırlanması üzərində iş aparırlar.

ÜST səfərlərin məhdudlaşdırılması, pademiyaya hazırlıq, antivirus preparatlar, maskalardan istifadə və donuz ətindən təhlükəsiz istifadə də daxil olmaqla, geniş əhatəli məsələlər üzrə təlimatlar hazırlayır və paylayır.

- Azərbaycanda qrip üzrə vəziyyət necədir?

- Gündəlik olaraq Azərbaycan Səhiyyə Nazirliyindən əldə olunan rəsmi məlumatlara görə, ölkədə heç bir şübhəli hal qeydə alınmayıb.

Azərbaycanda əlaqələndirmə, təcili cavab, emidemioloji və laboratoriya nəzarəti, diaqnostika və müalicə nöqteyi nəzərindən vəziyyət yüksək səviyyədədir. 2006-cı ildə "quş qripi" baş qaldıran zaman ölkənin əldə etdiyi təcrübə pandemiyaya hazırlıq sahəsində əhəmiyyətli rol oynadı. Qrip Pandemiyası üzrə Dövlət Komissiyası aprelin 28-də A/H1N1 ilə bağlı vəziyyətə həsr olunan müşavirə keçirdi. Müşavirəyə komissiyanın sədri, Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov rəhbərlik edib. Müşavirədə 2008-ci il 8 avqust tarixində Dövlət Komissiyası tərəfindən təsdiq edilən "Pandemiyaya milli hazırlıq planı" fəallaşdırıldı. Bütün müvafiq nazirlik və komitələrə lazımi tədbirlərin görülməsinə dair göstəriş verildi.

Səhiyyə Nazirliyi tərəfindən bu xəstəliyə yoluxa biləcək xəstələrin yerləşdirilməsi üçün əsas xəstəxanalar təyin edildi. Milli Virusoloji Laboratoriya nəzarətə başladı. Respublika Gigiyena və Emidemiologiya Mərkəzi bütün qripəbənzər xəstəliklər üzərində epidemioloji nəzarət həyata keçirəcək. Səhiyyə Nazirliyi AZAL Konserni, Dövlət Dəmiryol İdarəsi və Xəzər Dəniz Gəmiçiliyinin tibbi xidmətləri ilə işləri əlaqələndirir.

- ÜST "donuz qripi" ilə bağlı Azərbaycanda hansı tədbirləri görür?

- ÜST-nin Azərbaycandakı ofisi BMT-nin Azərbaycandakı ofisi adından A/H1N1 qripi üzrə işlərə rəhbərlik edir. Bizim ofis BMT-nin hökumətə dəstəyini əlaqələndirmə, bu epidemiya ilə bağlı məsələlər üzrə BMT adından çıxış etməyə dair mandatı əldə edib. Biz zərurət yarandıqda ölkəyə göstərilən dəstəyi əlaqələndirmək üçün Beynəlxalq Qızıl Xaç Komitəsi, ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və səfirliklər də daxil olmaqla, digər beynəlxalq təşkilatlarla sıx əlaqədəyik

Biz ölkənin laboratoriya və kliniki bazasının möhkəmləndirilməsi üçün Səhiyyə Nazirliyi ilə sıx iş birliyindəyik. Milli ehtiyatlara əlavə olaraq, ÜST ən qısa vaxtda ölkəyə laboratriya üçün xüsusi test-sistemlər və yoluxma hallarında müalicə üçün əlavə anti-virus preparatları təqdim edəcək. Məlumat mübadiləsi üzrə iş çox yaxşı təşkil olunub. ÜST-nin tövsiyələri Azərbaycan dilinə tərcümə edilib və Səhiyyə Nazirliyinə təqdim olunub. Əgər vəziyyət tələb edərsə, ÜST ölkəyə mümkün qədər əlavə texniki yardım göstərməyə hazırdır.

Qeyd etmək istərdim ki, bizim 2006-2007-ci illərdə "quş qripi" ortaya çıxan zaman hökumətlə olduqca yaxşı əməkdaşlıq təcrübəmiz var. Bu illər ərzində ÜST dəstəyi ilə ekspres nəzarət və adekvat tədbirlərin (ÜST-nin tövsiyyəsi ilə "quş qripi"nə yoluxma hallarının müəyyən edilməsi, epidemioloji tədqiqatlar xəritəsi, müalicə protokolları və s.) görülməsi üçün lazımi alətlər hazırlanıb və təsdiq edilib, "quş qripi" üzrə tövsiyələr və fəaliyyət planı hazırlanıb və təsdiq edilib, hava-damcı infeksiyasına yoluxan xəstələr üçün şöbənin tikintisi üzrə mühəndis layihəsi hazırlanıb. Yeri gəlmişkən, bütün müasir tələblərə cavab verən bu şöbənin inşası başa çatıb.

ÜST qrip pandemiyasına milli hazırlıq planının hazırlanmsında fəal iştirak edib. Ötən il bizim ekspertlər bu kimi epidemiya halları üçün hazılıq planının hazırlanmasında Səhiyyə Nazirliyinə kömək ediblər. Biz digər beynəlxalq təşkilatlarla əməkdaşlıq sayəsində infeksiya, yeni beynəlxalq tibbi-sanitar qaydalar, epidemiologiya və s. üzərində nəzarət üzrə milli mütəxəssislər üçün bir sıra treninqlər hazırlayaraq reallaşdırmışıq.

ÜST Səhiyyə Nazirliyi ilə xəstəlikdaxili infeksiyalara nəzarət üzrə yeni tövsiyələrin tətbiq edilməsinə dair iş aparır. Bu istiqamətdə işlər davam etdirilir. O, ölkənin tibbi xidmətin üçüncü səviyyəsində kəskin respirator infeksiyalara hazır olması üzrə texniki dəstək, qiymətləndirmə və tədqiqatların aparılmasını nəzərdə tutur. Praktiki sınaqlar yerli səviyyəni və yaxın gələcəkdə milli standartların necə olacağını nəzərə alaraq, xəstəlikdaxili infeksiyalara cari nəzarət siyasətinin nəzərdən keçirilməsi və yenilənməsinə imkan verir. Xəstəlikdaxili infeksiyalara nəzarət özlüyündə kompleks problemdir və səhiyyə sektorunun müxtəlif sahələri bu tövsiyələrin tətbiqindən əldə olunan nəticələrdən xeyir götürəcək. Ümumdünya Səhiyyə Təşkilatının xəstəlikdaxili infeksiyalara nəzarət üzrə müvəqqəti tövsiyələri ilk dəfə olaraq Avropa regionunda tətbiq edilənədək praktiki sınaqdan keçəcək. İndiyədək Azərbaycanın 30 rayonundan olan 60 nəfər də daxil olmaqla 300-dən artıq mütəxəssisə təhsil verilib. Xəstəlikdaxili infeksiyalara nəzarət üzrə milli trenerlər hazırlanıb.

Dövlət və ÜST tərəfindən qoyulan öhdəliklər də daxil olmaqla, yeni beynəlxalq sanitar qaydaların məqsədləri və fəaliyyət sahələri anlayışının yaxşılaşdırılması üçün, həmçinin vahid multisektor kommunikasiyaları platformasının təmin edilməsi və əlaqələndirilməsi, yeni qaydaların, əvvəlcədən aşkaretmə və aradanqaldırma sisteminin tətbiqi ilə bağlı planlaşdırma prosesində Azərbaycana yardım üçün müvafiq dövlət strukturları əməkdaşlarının iştirakı və bütün maraqlı tərəflərin dəstəyi ilə dəyirmi masa keçirilib.

Görülən bütün bu işlər hazırda ölkənin cari təhlükələrə hazırlıq səviyyəsinin təmin edilməsinə kömək edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti