Azərbaycan, Bakı, 27 iyul / Trend , müxbir Ü.İsmayılova /
"Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi dövlət qurumlarına Bakı bazarına təqdim olunmuş uşaq məhsullarının keyfiyyətinin monitorinqi üzrə yekunları göndərib", - Komitənin bazar ertəsi yaydığı məlumatda deyilir.
"Bu tədbirlər uşaq oyuncaqları və qidasının keyfiyyət və təhlükəsizliyinin təminatı məqsədilə görülür", - məlumatda bildirilir.
Monitorinqin nəticələri, xüsusilə təhlükəli oyuncaqların siyahısı bu məhsullardan istifadənin təhlükəli olması haqda xəbərdarlıq verilməsi üçün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə, eləcə də ölkənin daxili istehlak bazarının keyfiyyətinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə, belə məhsulların ölkəyə daxil olmasının qarşısının alınması üçün Dövlət Gömrük Komitəsinə göndərilib.
Standartlaşdırma üzrə Dövlət Komitəsi iyulun əvvəlində uşaq oyuncaqlarının keyfiyyəti ilə bağlı monitorinqin nəticələrini açıqlayıb. Monitorinqlər Bakının Səbail, Nəsimi və Qaradağ rayonlarında aparılıb. Komitənin əməkdaşları yoxlanış yerlərindən Çin və Rusiya istehsalı olan oyuncaqlardan nümunə götürərək komitədəki laboratoriyaya cəlb edib. Analizin nəticələrinə əsasən, oyuncaqların tərkibində ağır metallar tapılıb, qoxusu normalara uyğun olmayıb, məmulatlar dayanıqsız boya və davamsız tikişlərlə müşayiət olunub.
Yoxlamadan keçirilən mağazalarda məcburi keyfiyyət sertifikatı olmadan realizə edilən oyuncaqlar da aşkar edilib. "Çin istehsalı olan oyuncaqlar keyfiyyətsiz çıxıb", - komitədən deyilib.