...

Azərbaycan vergiödəyiciləri kompüter terminalları vasitəsilə fəaliyyətlərini aktivləşdirirlər (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Sentyabr 2010 16:24 (UTC +04:00)

Azərbaycan, Xaçmaz, 6 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Son vaxtlar Azərbaycanda vergiödəyicilərə xidmətin keyfiyyətinin yüksəldilməsi üzrə tədbirlər aktivləşdirilib. Ölkənin yerli vergi strukturlarının olmadığı iri şəhərlərində və rayon mərkəzlərində genişləndirilmiş xüsusi vergi xidməti məntəqələrinin - kompüter terminallarının yaradılması üzrə işlər görülür. Bu günədək respublika üzrə 16 belə terminal açılıb və ilin sonunadək daha 20 kompüter terminallarının yaradılacağı gözlənilir.

Bu tədbirlər dövlət başçısının 2005-ci il sentyabrın 12-də təsdiqlədiyi "Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı (2005-2007-ci illər)" çərçivəsində həyata keçirilir və həmin sənəddə könüllü vergi ödəmələri sisteminin inkişafı qarşıya vəzifə qoyulub. Vergiödəyicilərin hüquqlarının etibarlı şəkildə təmin olunması üçün Azərbaycanın bütün regionlarında vergiödəyicilərə xidmət üçün kompüter terminallarının yaradılması nəzərdə tutulub.

Vergiödəyicilərə keyfiyyətli xidmət üçün terminallar lazımi avadanlıqlar və müasir texniki vasitələrlə, eləcə də zəruri əyani vəsaitlər və müxtəlif normativ-hüquqi sənədlərlə təchiz olunublar. Kompüter terminalları vergiödəyicilərə xidmət məntəqəsidir. Burada vergiödəyicilər vergi orqanlarına vergi bəyannamələrini internet vasitəsilə təqdim edə, eləcə də vergiödəyicinin şəxsi kartoçkasındakı məlumata baxa bilərlər. Bununla yanaşı, vergiödəyicilər terminallarda vergi qanunvericiliyi və onun tətbiqi, hesablama qaydaları və vergilərin ödənilməsi, vergi bəyannamələrin verilməsi müddəti və vergi güzəştlərinin alınması vaxtları barədə məlumat əldə edə bilərlər. Vergiödəyicilər tərəfindən vergi bəyannamələrini və digər vergi hesabatlarını necə düzgün tərtib etməklə bağlı müraciətlər izah edilir. Vergi borcu olan vergiödəyicilərə borcların meydanaçıxma səbəbləri izah olunur.

Terminal xidmətləri siyahısına, həmçinin, vergiödəyicilərin düzgün doldurulmuş ərizə, arayış və digər blank formaları ilə təminatı, onlara maarifçilik elanlarının təqdim edilməsi daxildir. Bununla yanaşı, kompüter terminallarının funksiyasına "Vergiödəyicilərin təsərrüfat əməliyyatlarının hesabat kitabları", "Nəzarət-kassa apparatının texniki xidmət kitabları" və "Nəzarət-kassa aparatının işsiz vəziyyəti dövründən əməliyyat hesabatı kitabları"nın düzgün doldurulma qaydalarının vergi verən şəxslərə izahatı daxildir.

Terminallarda Vergilər Nazirliyi ilə imzalanmış tərəfdaşlıq sazişi əsasında Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) məsul işçiləri çalışırlar. Sənədə əsasən, tərəflər hökumət-sahibkar münasibətlərinin inkişafı, sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin həyata keçirilməsi, inzibati prosedurlar və sahibkarlıq fəaliyyətini nizamlayan qanunvericilik sahəsində əməkdaşlıq haqqında razılığa gəliblər. Bununla yanaşı, tərəfdaş münasibətləri sahibkarların maarifləndirilməsi, müxtəlif xidmətlər (hüquqi, informasiya, metodiki və s.) göstərilməsi, sahibkarlıq və biznes üzərində ictimai nəzarətin tətbiqi sahəsində əməkdaşlığı nəzərdə tutur. Sazişin imzalanmasında əsas məqsəd vergi qanunvericiliyinin həyata keçirilməsi, vergi mühitinin yaxşılaşdırılması və özəl biznesin məlumatlandırılmasının genişləndirməsində sahibkarlar və dövlətin birgə səylərinin artırılmasıdır. Saziş, həmçinin, hüquqi şəxslərin dövlət reyestrinə ictimai nəzarət məqsədilə seminarların keçirilməsi və komissiya yaradılmasını nəzərdə tutur. Məhz bu saziş çərçivəsində kompüter terminalını birgə idarə etmək qərara alınıb.

Ötən şənbə Xaçmaz rayonunda kompüter terminalının işi ilə tanış olmaq üçün press-tur təşkil edilib. Xaçmaz kompüter terminalının məsul əməkdaşı, ASK-nın mütəxəssisi Qazıəhməd Şahbazovun sözlərinə görə, kompüter terminalı quraşdırılan vaxtdan (may 2008) terminala onları maraqlandıran məsələ və problemlərlə əlaqədar müraciət edən Xaçmaz və ətraf rayonların vergiödəyiciləri arasında böyük maarifləndirmə işi aparılıb. O, buna sübut kimi bəzi rəqəmləri göstərib. 2008-ci ildə terminala hər ay orta hesabla 350 vergiödəyici müraciət etdiyi halda, hazırda bu göstərici 800-950 nəfərədək artıb.

"Biz vergiödəyiciləri vergi qanunvericiliyinə edilən dəyişikliklər və əlavələr, vergi orqanlarında vergiödəyicilərin vergi uçotu, "bir pəncərə" prinsipi üzrə qeydiyyat sistemi və onları maraqlandıran digər məsələlər haqqında məlumatlandırmaq üçün vergi məsləhətçilərinin iştirakı ilə treninqlər də təşkil edirik", - Şahbazov qeyd edib.

Onun sözlərinə görə, terminalın yaradılmasında başlıca məqsəd vergiödəyicilər tərəfindən könüllü ödənişlərin edilməsi, onların hüququnun qorunması və maarifləndirməsindən ibarətdir.

"Bundan başqa, biz vergiödəyicilərə bəyannamələrin düzgün tərtib edilməsində və onların internet vasitəsilə yerli vergi orqanlarına çatdırılmasında kömək edirik, onların müraciəti əsasında vergi borcu haqqında informasiyanın verilməsi üçün onların şəxsi hesablarına baxırıq", - Şahbazov vurğulayıb.

İndi vergiödəyicilərin əsas problemləri 2010-cu ildən etibarən tətbiq edilən elektron hesab-fakturaları ilə bağlıdır. Bununla əlaqədar onların hesab-fakturaların elektron şəkildə göndərilməsində bəzi çətinlikləri var. "Onlar bu problemlərlə bağlı bizə müraciət edirlər və biz vergiödəyicilərə hesab-fakturaların doldurulmasında və göndərilməsində kömək edirik, eləcə də onları gələcəkdə kompüter texnologiyalarından necə düzgün istifadə edilməsi haqqında təlimatlandırırıq", - terminal nümayəndəsi bildirib.

Vergiödəyicilərin fəaliyyətinin sadələşdirilməsi üçün yaxın rayonlarda - Şabran və Qusarda da belə terminalların tikintisinə başlanılıb.

Kompüter terminallarında göstərilən bütün xidmətlər pulsuzdur.

Xəbər lenti

Xəbər lenti