Azərbaycan, Bakı, 7 dekabr /Trend, müxbir Ü.İsmayılova/
Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "Azal Sığorta" Açıq Səhmdar Cəmiyyətinin 8,137 milyon manat məbləğində adi, sənədsiz, adlı səhmlərini qeydiyyata alıb. Bu barədə QKDK-nın çərşənbə axşamı yayılan məlumatında deyilir.
Bu emissiya çərçivəsində qiymətli kağızların sayı hər birinin nominal dəyəri 465 manat olmaqla 17 500 ədəd təşkil edir.
Səhmlərin yerləşdirilməsi hər birinin nominal dəyəri 400 manat olmaqla eyni sayda səhmlərin konvertləşdirilməsi yolu ilə aparılacaq. Səhmlərin nominallarının dəyişdirilməsi nəticəsində şirkətin nizamnamə kapitalı 1,137 milyon manat artırılacaq. Hazırda "Azal Sığorta"ın nizamnamə kapitalı 7 milyon manat təşkil edir.
Hava nəqliyyatının sığortalanmasında ixtisaslaşan "Azal Sığorta" sığorta şirkəti 1995-ci ildə yaradılıb. Şirkətin təsisçisi "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dir.