Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir E.İsmayılov/
"Azərbaycan Hava Yolları" QSC bayram günlərində reyslərdə baqajın daşınması üzrə aksiya keçirir. Bu barədə şirkətin rəsmi saytında yerləşdirilən məlumatda deyilir.
Məlumatda bildirildiyinə görə, aksiya dekabrın 28-dən etibarən həyata keçiriləcək və Dubay-Bakı, İstanbul-Bakı və Urumçi-Bakı reyslərinə aid olmayacaq. Aksiya iqtisadi dərəcə üçün baqajın pulsuz daşınma normasını 40 kiloqrama qədər, biznes-dərəcə üçün 50 kiloqrama qədər artırılmasını nəzərdə tutur.
"Aksiya ATR-42/72 markalı təyyarələr tərəfindən yerinə yetirilən bütün reysləri də əhatə etməyəcək", - məlumatda qeyd edilib.
Şənbə günü aviaşirkətdən bildirdiklərinə görə, hazırda bu markalı təyyarələrlə Gəncə, Mineralnıe vodı (Rusiya), Aktau (Qazaxıstan) və Tbilisi (Gürcüstan) istiqamətində uçuşlar yerinə yetirilir.