Azərbaycan, Bakı, 7 mart /Trend/
"Ernst & Young" müstəqil auditorlar şirkəti Azərbaycan bankı "Paşa Bank"ın 2010-cu ilin sonuna olan maliyyə vəziyyəti haqqında hesabatı üzrə öz rəyini verib.
"Bankın aktivləri 512,304 min manat (642,065 min ABŞ dolları) həddinə çatıb ki, bu da keçən ilin müvafiq göstəricisindən 67% faiz çoxdur", - bankın baş maliyyə inzibatçısı Şahin Məmmədov 2011-ci il fevralın 28-də dərc edilən auditor rəyini şərh edərkən deyib.
Bu məbləğin 37%-i müştərilərə verilmiş kreditlərdən, 31%-i qiymətli kağızlar portfelindən, 26%-i faizi nağd vəsaitlərdən və nağda bərabər tutulmuş vəsaitlərdən, 5%-i banklararası kreditlərdən və s. aktivlərdən ibarətdir. Ümumi kredit portfeli 2009-cu ilə nisbətən 1,6 dəfə artaraq 196,081 min manat təşkil edib. Portfel üzrə effektiv ehtiyat dərəcəsi 4,2% olub. Bankın ümumi portfelindəki qeyri-işlək kreditlərin payı 0,6% faizdir. Keçən il bu müvafiq göstərici 0,3% təşkil edib.
Bankın əməliyyat gəlirləri 30,334 min manat təşkil edib ki, bu da 2009-cu illə müqayisədə 34% artım deməkdir. 2010-cu il ərzində əldə olunan xalis mənfəət 2009-cu illə müqayisədə 14% faiz azalaraq 13 871 min manat təşkil edib.
"Buna səbəb kimi bazarda kreditləşmə üzrə orta faiz dərəcələrinin azalması, bankımızda banklararası və müştərilərin maliyyələşdirilməsi üzrə ehtiyat fondunun qiymətləndirilməsi metodologiyasında dəyişiklərin edilməsi səbəblərini sadalamaq olar", - Məmmədov bildirib.
Bankın faiz gəliri 33,842 min manat, qeyri-faiz gəlirləri 2 dəfə artaraq 5,258 min manat, işçilərlə əlaqədar olan xərclər 1,7 dəfə artaraq 5,680 min manat təşkil edib. Postmaliyyələşdirmə də daxil olmaqla, sənədli əməliyyatların həcmi 37,116 min manat təşkil edib.
Səhmdar kapital üzrə gəlirlilik əmsalı (ROE) 18,2% (2009 - 16,9%), aktivlər üzrə gəlirlilik əmsalı (ROA) 4,1% (2009 - 5,5%), likvidlik əmsalı 171% (2009 - 77%), kapitalın adekvatlığı əmsalı 62% (2009 - 77%) təşkil edib. Bank həm mənfəətinə, həm də aktivlərin həcminə görə bazarda 5-ci yeri tutur.
Martın 7-nə olan rəsmi məzənnə 0,7938 AZN/USD təşkil edir.