...

2010-cu ildə Azərbaycanda ilk qış-yay turizm kompleksinin tikintisinə 85 milyon manatdan çox vəsait ayrılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Mart 2011 19:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir Ü.İsmayılova/

2010-cu ildə Nazirlər Kabinetinin qərarına əsasən, Azərbaycanın dövlət büdcəsindən 30 turizm obyektinin tikintisinə, təmirinə və yenidən qurulmasına 163,6 milyon manat ayrılıb. Bu barədə 2010-cu ilin yekunları üzrə hökumətin hesabatında deyilir.

"O cümlədən, "Şahdağ" qış-yay turizm kompleksinin yaradılmasına 87,1 milyon manat ayrılıb", - hesabatda deyilir.

Məlumata əsasən, 2010-cu ildə sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmirinə 2 milyon manat ayrılıb.

"Şahdağ" qış-yay turizm kompleksinin tikintisi dağ-xizək idmanı və digər qış idman növləri ilə məşğul olmaq üçün geniş imkanlar yaradacaq. Kompleksin ərazisində tennis kortları, futbol və basketbol meydançaları, örtülü idman qurğuları, akvapark və hovuzlar, əyləncəli oyun kompleksləri olacaq. Kompleksdə müxtəlif məsafəli 21 kanatlı yol çəkiləcək. Xizəkçilərin xizək yolunun yüksəkliyinə çatdırılmaları üçün kürsü tipli qaldırıcı qurğulardan istifadə ediləcək. Xizək yolları müxtəlif dərəcəli mürəkkəbliklə layihələşdirilib.

Ümumi sahəsi 2 min hektardan çox olan kompleksin tikintisi 4 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə vacib kommunikasiya xətləri çəkiləcək, 11 qaldırıcı, xizək yolları, süni göl və qar avadanlığı quraşdırılacaq. 312 yerlik beşulduzlu, 346 yerlik dördulduzlu, 282 yerlik üçulduzlu hotellərin və kiçik yaylaq evlərinin, kotteclərin tikilməsi planlaşdırılır.

İkinci mərhələdə qaldırıcılar şəbəkəsinin və mədəni-idman qurğularının, kotteclərin tikintisi və bağların salınması nəzərdə tutulur. Üçüncü mərhələ əlavə xizək yollarının salınmasını və yaşayış zonasının genişləndirilməsini əhatə edir.

Dəniz səviyyəsindən iki min metr yüksəklikdə tikiləcək mərkəzdə 5 min işçi çalışacaq. Kompleksdə ticarət mərkəzləri, restoranlar, əyləncə və servis obyektləri, o cümlədən avtomobillər üçün yeraltı və yerüstü obyektlər tikiləcək.

Xəbər lenti

Xəbər lenti