...

Azərbaycan Mərkəzi Bankı dünya iqtisadiyyatının yeni çağırışlarına müqavimət göstərməyə hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Sentyabr 2011 11:20 (UTC +04:00)
Son illərdə Azərbaycanda iqtisadi inkişafın dinamikası, maliyyə sisteminin sürətli artımı və qlobal iqtisadi mühitin möhkəmlənməsi ölkənin Mərkəzi Bankı qarşısında yeni çağırışlar formalaşdırıb.
Azərbaycan Mərkəzi Bankı dünya iqtisadiyyatının yeni çağırışlarına müqavimət göstərməyə hazırdır

Azərbaycan, Bakı, 23 sentyabr /Trend, müxbir İ.Xəlilova/

Son illərdə Azərbaycanda iqtisadi inkişafın dinamikası, maliyyə sisteminin sürətli artımı və qlobal iqtisadi mühitin möhkəmlənməsi ölkənin Mərkəzi Bankı qarşısında yeni çağırışlar formalaşdırıb. Bununla əlaqədar, Mərkəzi Bank iqtisadi inkişaf və insan kapitalının inkişafına dəstəyin, institusional idarəetmənin müasir təcrübə ilə uyğunlaşdırılması, bu çağırışlara cavab vermək məqsədilə makroiqtisadi sabitliyin və bank sisteminin sabitliyinin gücləndirilməsi istiqamətində yeni prioritetləri müəyyən edib.

Bu ilin iyulunda Mərkəzi Bankın 2011-2014-cü illər üçün strateji planı açıqlanıb. Qarşıdakı üç il ərzində AMB tərəfindən yerinə yetirilməli olan vəzifələr barədə Mərkəzi Bankın İdarə Heyəti sədrinin müavini Xaqani Abdullayev Trend-ə müsahibəsində danışıb.

- Ölkənin bank sektorunda hansı yeni risk əsaslı prudensial nəzarət çərçivəsinin tətbiqi planlaşdırılır? Bank sektorunun sabitliyinin dəstəklənməsi üçün hansı yeni mexanizimlər tətbiq ediləcək?

- Mərkəzi Bankın 2011-2014-cü illər üçün Strateji Planı qəbul edilmişdir. Strateji Plana əsasən, bank nəzarətinin strateji hədəfi kimi risk əsaslı yeni prudensial nəzarət çərçivəsinin formalaşdırılması müəyyən edilmişdir.

Bank sektorunda risk əsaslı nəzarət çərçivəsinin genişmiqyaslı tətbiqi istiqamətində ilk növbədə müvafiq konsepsiya hazırlanacaqdır. Banklarda risklərin idarə edilməsi üzrə yeni hüquqi normativ bazanın təkmilləşdirilməsi, əsas risk kateqoriyalarının, risklərin idarə edilməsi və daxili nəzarət sistemlərinin qiymətləndirilməsi üzrə yeni metodoloji baxışın formalaşdırılması planlaşdırılır.

Bank sektorunda sabitliyin qorunub saxlanılması məqsədi ilə bank sektoruna makro-prudensial nəzarət, eləcə də effektivliyin artırılması üçün risk əsaslı nəzarət mexanizminin inkşaf etdirilməsi və ən yaxşı beynəlxalq təcrübəyə uyğunlaşdırılması nəzərdə tutulur. Qlobal səviyyədə aktual olan "Bazel III" Kapital Sazişinin təklif etdiyi yeni nəzarət alətlərinin tətbiqi məsələsinə dərindən baxılması planlaşdırılır. Bu çərçivədə artıq "leverec" əmsalının tətbiqinə başlanılmışdır. Beynəlxalq səviyyədə "Bazel III"-ün tətbiqi 2013-cü ildən etibarən başlayacaqdır.

- Statistika sisteminin təkmilləşdirilməsi çərçivəsində məcmu xarici borcun statistikasının aparılması nəzərdə tutulubmu? Bu məlumatların digər standart statistik məlumatlarla yanaşı aylıq əsasda çapı nə zaman mümkün olacaqdır?

- Məlum olduğu kimi, ölkənin məcmu xarici borcu haqqında statistik baza dövlət sektoru və özəl sektorun xarici borcunun icmalı əsasında formalaşır.

Hazırda Azərbaycan Mərkəzi Bankında dövlət sektoru, o cümlədən dövlətə məxsus təşkilat və müəssisələrin xarici borcu, habelə bank sisteminin xarici borcu haqqında ilkin statistik informasiya bazası formalaşdırılmışdır. Özəl sektorun xarici borcu haqqında statistik uçotun aparılması və bazanın yaradılması rəsmi statistikanın təkmilləşdirilməsinə dair Dövlət Proqramı çərçivəsində təmin olunur. Bununla əlaqədar müvafiq dövlət orqanları ilə iş aparılır.

- Tam əhatəli Real Sektorun Monitorinqi sisteminin yaradılmasında məqsəd nədir?

- Azərbaycan Mərkəzi Bankında yaradılan Real Sektorun Monitorinqi sisteminin məqsədi real sektorda bizness mühitinin ölçülməsi, korporativ sektorun inflyasiya, məşğulluq habelə gələcək satış, istehsal və xidmət gözləntiləri barədə məlumat toplamaqdan ibarətdir. Bu iş bir çox ölkələrin Mərkəzi Bankları tərəfindən aparılır. Monitorinq sisteminin tam qurulması üçün bir neçə il vaxt tələb olunur.

- Bank sistemi üçün Yeni Hesablar Planı Mərkəzi Bankın pul və bank sisteminin təhlili, o cümlədən dünya maliyyə bazarlarındakı dəyişikliklərə çevik reaksiya vermə qabiliyyətini nə qədər genişləndirəcəkdir?
- Bank sistemi üçün Hesablar Planının təkmilləşdirilməsi bank sisteminin dünya və ölkə iqtisadiyyatında baş verən prosseslərə çevik reaksiyasını təmin etmək, bank statistikasının zənginləşdirmək, əməliyyatların daha detallı statistik təsnifatını həyata keçirmək, habelə AMB-də aparılan müxtəlif təhlil və tədqiqatların keyfiyyətini artırmağa imkan verəcək.

- Empirik tədqiqat bazasının yaradılması hansı məqsəd daşıyır? Bu baza, məzənnənin proqnozlaşdırılmasının effektivliyini nə qədər artıracaqdır?

- Modelləşdirmə iqtisadiyyatda səbəb-nəticə əlaqələrinin aşkara çıxarılmasında və proqnozların verilməsində geniş istifadə edilir. Modellərin empirik nəticələri pul siyasəti qərarlarının qəbulu zamanı "fənər" rolunu oynayır. Azərbaycan Mərkəzi Bankında indiyədək inflyasiya, pula tələb, daşınmaz əmlak köpükləri, tarazlı məzənnə, idxal-ixrac, iqtisadi artım və s. modellər qurulmuş və istifadə edilməkdədir. Qabaqcıl mərkəzi bankçılıqda son zamanlar istifadə edilən Dinamik stoxastik ümumi tarazlıq modelinin Azərbaycan şəraitində proyeksiyası da tamamlanmaq ərəfəsindədir.

AMB-də məzənnə siyasəti müəyyən olunarkən də digər amillər və iqtisadi muhakimə ilə yanaşı həmçinin model nəticələrinə istinad olunur. Məlum olduğu kimi, məzənnə pul siyasətinin əməliyyat hədəfi olmaqla əsasən 3 kanalla iqtisadiyyata təsir edir: inflyasiya prosesləri, rəqabət qabiliyyəti və maliyyə sabitliyi. Məzənnənin inflyasiyaya və iqtisadiyyatın rəqabət qabiliyyətinə (həm idxalla rəqabət aparan, həm də ixracyönümlü sektorlarda) təsiri bilavasitə modellər vasitəsilə ölçülür. Bu modellərdə asılı dəyişən rolunda müvafiq olaraq nominal və real effektiv məzənnə indeksləri çıxış edir. Məzənnənin maliyyə sabitliyinə təsirini müəyyən etmək üçün isə stress-testləşdirmədən istifadə olunur. Beləliklə, hər 3 kanal üzrə məzənnənin mümkün təsirləri araşdırıldıqdan sonra məzənnə siyasətinin cari və strateji istiqamətləri müəyyən olunur.

- Xərc mühasibatlığı sistemini tətbiqi nəticəsində illik xərclərin hansı miqdarının qənaəti proqnozlaşdırılıb?

- Azərbaycan Respublikası Mərkəzi Bankının 2011-2014-cü illər üçün Strateji planı çərçivəsində bankda Xərc Muhasibatlığı sisteminin tətbiqi nəzərdə tutulmuşdur.

Xərc Mühasibatlığı sistemi faktiki cəkilmiş xərclərə əsasən təşkilatın missiyasına uyğun göstərdiyi fəaliyyətin (xidmətlərin) maya dəyərinin müəyyən olunmasına əsaslanan maliyyə idarəetməsi sistemidir.

Aparılan əməliyyatların dəqiqləşdirilməsi və onların maya dəyərinin ölçülməsi, əməliyyatların səmərəliliyinin artırılması, idarəetmə baxımından hər bir struktur bölmənin fəaliyyətinin və təşkilatçılıq qabiliyyətinin müəyyənləşdirilməsi və qiymətləndirilməsi, işçilərin qiymətləndirilməsi üçün obyektiv məlumat bazasının yaradılması, habelə optimal və real büdcənin tərtib edilməsi bu layihənin AMB-də tətbiqinin əsas məqsədlərini təşkil edir.

Beləliklə, bu layihənin reallaşdırılması Mərkəzi Bankda həyata keçirilən fəaliyyətlərin səmərəliliyinin və keyfiyyət amilinin yüksəldilməsinə, nəticə etibarilə resursların optimal istifadəsinə, həmçinin daha dəqiq büdcə proqnozlaşdırılmasına şərait yaradacaqdır.

- Makroiqtisadi stabilliyin idarə olunması sahəsində hansı yeniliklər gözlənilir? Bu dəyişikliklər yeni dünyəvi çağırışlara qarşı dayanmağa nə qədər imkan verəcək?

- Son illərdə qlobal iqtisadi mühitdə, beynəlxalq əmtəə və maliyyə bazarlarında qeyri-müəyyənliklər artmış, bir sıra qlobal risklər hələ də qalmaqdadır. Dünya iqtisadiyyatının artım dinamikasının kövrəkliyi, inflyasiyanın qlobal amlillərinin güclənməsi, aparıcı valyutaların məzənnələrinin yüksək volatilliyi müşahidə olunur. Qlobal iqtisadi şəraitin dəyişkənliyi və ölkə iqtisadiyyatının dünya iqtisadiyyatına açıq olması şəraitində makroiqtisadi sabitliyin qorunmasına dəstək Mərkəzi Bankın əsas vəzifəsidir. Hal-hazırda pul siyasəti və maliyyə sabitliyi dizaynının yeni çağrışlara uyğun şəkildə daha da təkmilləşdirilməsi, makroiqtisadi risklərin adekvat qiymətləndirilməsi və ona operativ reaksiya mexanizmlərinin inkişaf etdirilməsi istiqamətində çoxsaylı tədqiqat və təhlil işləri aparılır. Post-böhran dövrünün yeni çağırışları ölkədə qiymətlərin sabitliyinin təmin edilməsi ilə eyni zamanda maliyyə sisteminin tənzimlənməsinin yeni arxitekturasının formalaşdırılmasını zəruri edir. Bu istiqamətdə Mərkəzi Bank maliyyə sabitliyini təmin edən yeni mexanizmləri inkişaf etdirmək məqsədilə qlobal miqyasda formalaşan yeni standartları əsas götürəcəkdir. Bununla belə bu standartların tətbiqi prosesində yeni xüsusiyyətlər də nəzərə alınacaqdır.

- Nağd pul idarəetməsinin yeni modelinin hazırki sistemdən fərqi nədə olacaqdır? Hansı infrastrukturun yaradılması planlaşdırılır?

- Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması strategiyası çərçivəsində nağd pul sferasında dünyada mövcud olan yeni innovasiya və texnologiyaların tətbiqi, bu istiqamətdə ən mütərəqqi dünya təcrübəsinə əsaslanan Nağd Pul Mərkəzinin (Cash Center) yaradılması və nağd pulun idarəedilməsi üzrə tam inteqrasiya olunmuş Cash Menecment İnformasiya Sisteminin (CMİS) tətbiqi nəzərdə tutulmuşdur.

"Cash Center"in yaradılması modern texnologiyalar əsasında tam avtomatlaşdırılmış və robotlaşdırılmış xəzinə infrastrukturunun formalaşmasına, nağd pula bağlı biznes proseslərin səmərəli və təhlükəsiz idarə edilməsinə, risklərin minimuma endirilməsinə və nəzarət mexanizmlərinin güclənməsinə şərait yaradacaqdır.

Tətbiq olunacaq CMİS isə bütövlükdə Mərkəzi Bank və bank sektorunun Mərkəzi Bankla nağd pul əməliyyatlarını real vaxt rejimində əhatə etməklə mərkəzləşdirilmiş vahid informasiya şəbəkəsinin qurulmasını və nağd pulun idarə edilməsi üzrə qərarların qəbul edilməsində zəruri məlumat bazasının yaradılmasını nəzərdə tutur. Müvafiq sistemin tətbiqi ilə Mərkəzi Bankda pul nişanlarının saxlanması, daşınması, emalı, mədaxili, məxarici və məhv edilməsi əməliyyatlarında nəzarət mexanizmlərinin yüksəlməsinə və potensial risklərin çevik idarə olunmasına nail olunacaqdır.

- Pul nişanlarının ekspertiza və dizaynı üzrə institutların yaradılmasında məqsəd nədir?

- Mərkəzi Bankın qarşısında duran prioritet hədəflərdən biri də pul nişanlarının mühafizə sistemini inkişaf etdirmək, eyni zamanda saxta pul nişanlarının müəyyən edilməsi üzrə ən son texnoloji sistemlərin və innovasiyaların tətbiqini təmin etməkdir. Belə ki, pul nişanlarının ekspertizası sahəsində müasir sistemlərin tətbiqi milli valyuta pul nişanlarını və eləcə də saxtalaşdırılmış pul nişanlarını daha dərindən təhlil etməyə şərait yaradacaqdır.

Qeyd etmək istərdik ki, saxtakarların uğurlu olmalarının əsas amillərindən biri də əhalinin pul nişanlarının mühafizə elementlərini tam müəyyən edə bilməməsi ilə səciyyələnir. Bu məqsədlə Mərkəzi Bank aidiyatı dövlət orqanları ilə əməkdaşlığı dərinləşdirəcək və ictimaiyyətin məlumatlandırılması və maarifləndirməsi üzrə müvafiq proqram hazırlayaraq tətbiq edəcəkdir.

Eyni zamanda, ekspertiza institutunun yaradılması dünyada pul nişanlarının dizaynı və mühafizə elementləri üzrə baş verən dəyişikliklərin davamlı müşahidə edilməsi, bu sahədə yenilikləri tətbiq edilməsi və xarici partnyorlardan asıllığın aradan qaldırılması istiqamətində Mərkəzi Bankda müvafiq dizayn potensialının formalaşdırılması proseslərinə də təkan verəcəkdir.

Xəbər lenti

Xəbər lenti