Azərbaycan, Bakı, 2 dekabr /Trend/
Azərbaycan bankı "AccessBank" "The Banker" jurnalının noyabrın 30-da Londonda keçirilən "İlin bankı" mükafatının təqdimat mərasimində "Azərbaycanda ilin ən yaxşı bankı" adına layiq görüldüyünü elan edib. Trend-in məlumatına görə, bu barədə cümə gün bankın yaydığı məlumatda deyilir.
Bu mükafatların illik təltifat mərasimi maliyyə dünyasında ən zəruri hadisələrdən biri hesab olunur. "The Banker" jurnalının həmin buraxılışında qeyd olunur: "2010-cu ildə real funksiyaya malik olmayan kreditlərin fonunda daşınmaz əmlak bazarında baş verən kəskin böhran Azərbaycanın bir çox banklarını itkilərə məruz qoyub. Amma qabaqcıl təcrübənin tətbiqi sayəsində mikromaliyyələşdirmə və kənd təsərrüfatı sahələrində ixtisaslaşan "AccessBank" özünün təcrübəli idarəedicilərinin və çoxprofilli sahibkarlarının rəhbərliyi altında öz mövqelərini möhkəmlədib".
"Bank mövcud nəticəyə öz mükəmməl müştəri xidmətləri və yüksək risk idarəçiliyi sayəsində nail olub", - "AccessBank" Müşahidə Şurasının üzvü Viktoriya Mayls mükafatın təqdimatı zamanı deyib.
2011-ci ildə "AccessBank", həmçinin, ardıcıl ikinci dəfə, "Euromoney" və "Global Finance" təltifatlarında da "Azərbaycanın ən yaxşı bankı" elan olunub. "The Banker" jurnalının sonuncu mükafatı ilə "AccessBank" bütünlüklə maliyyə dünyasında üç ən nüfuzlu təltifat üzrə ən yaxşı bank olaraq tanınıb. Bu qiymət, həmçinin, "Fitch" beynəlxalq reytinq agentliyi tərəfindən də təsdiqlənib - həmin agentlik "AccessBank"ı Azərbaycanın özəl bankları arasında ən etibarlı bank elan edib (BB+).
"AccessBank"ın missiyası Azərbaycanda mikro və kiçik biznesmenlərin, eləcə də aşağı və orta gəlirli ailələrin maliyyə xidmətlərindən istifadə etmələrinə imkan yaratmaqdan ibarətdir. "AccessBank" "Fitch" Beynəlxalq reytinq agentliyi tərəfindən, Azərbaycanın özəl bankları arasında ən etibarlı bank elan edilib (BB+). Bundan əlavə, 2011-ci ildə "Global Finance" jurnalı, 2010-cu və 2011-ci illərdə isə "Euromoney" Nəşriyyat Qrupu tərəfindən "Azərbaycanın ən yaxşı bankı" adınа layiq görülüb.
AccessBank 100% xarici kapitala malikdir və 6 beynəlxalq maliyyə institutlarına məxsusdur. Bunlar Avropa Yenidənqurma və Inkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara dəniz Ticarət və İnkişaf Bankı, Kfw Development Bank - Almaniya Hökumətinin İnkişaf Bankı (hərəsi 20%), mikromaliyyələşdirmə sahəsində strateji maliyyəçi rolunda çıxış edən Access Holding (16.5%) və Almaniyanın LFS Financial Systems GmbH (3.5%) şirkətləridir.