Azərbaycan, Bakı, 27 fevral /Trend/
2011-ci ildə Azərbaycanda içməli su və kanalizasiya xidməti haqlarının ödəniş səviyyəsi yüksəlib.
"Azərsu" ASC-nin mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, ötən ilin nəticələrinə əsasən, istehlakçılar istifadə etdikləri içməli suyun və göstərilən kanalizasiya xidmətlərinin 85 faizinin haqqını ödəyiblər. Əhali qrupu üzrə ödəniş səviyyəsi 58,8 faiz, qeyri-əhali qrupu üzrə isə 110,1 faiz təşkil edib.
Bakı şəhəri üzrə ödənişləri vaxtında və tam yerinə yetirən abunəçilərin xüsusi çəkisi 74 faizə çatıb. Bununla belə, paytaxt üzrə əhali abunəçilərinin 26 faizi və ya təqribən 146 mini son bir ildə bir manat da olsun ödəniş etməyib.
Paytaxtın rayonları arasında ödəniş səviyyəsinə görə ilk yeri Xəzər rayonu tutur. Burada abunəçilərin 90 faizi içməli su və kanalizasiya xidmətlərinə görə ödənişləri vaxtında edir.