...

Metanol gələcəkdə alternativ yanacaq kimi benzini əvəz edə bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Fevral 2012 11:16 (UTC +04:00)
Yeni ekoloji təmiz enerji mənbələrinin və nəqliyyat yanacağı növlərinin axtarışı nöqteyi-nəzərindən "The New York Times" qəzeti ictimaiyyətin diqqətini gələcəyin energetikasının perspektiv istiqamətinə – nəqliyyat vasitələri üçün ən sərfəli və münasib yanacaq kimi metanolun geniş istifadəsinə cəlb edir.
Metanol gələcəkdə alternativ yanacaq kimi benzini əvəz edə bilər

Azərbaycan, Bakı, fevral /Trend/

Yeni ekoloji təmiz enerji mənbələrinin və nəqliyyat yanacağı növlərinin axtarışı nöqteyi-nəzərindən "The New York Times" qəzeti ictimaiyyətin diqqətini gələcəyin energetikasının perspektiv istiqamətinə - nəqliyyat vasitələri üçün ən sərfəli və münasib yanacaq kimi metanolun geniş istifadəsinə cəlb edir.

Trend-in məlumatına görə, "Metanol benzinə alternativ kimi" adlı məqalədə maraqlı müqayisələr göstərilir və yanacaq kimi metanolun üstünlükləri qeyd edilir.

Dünya miqyasında tanınmış bir çox alimlər artıq çoxdan metanolu gələcəyin energetikasının mühüm bir hissəsi və benzini əvəz edəcək potensial yanacaq kimi qiymətləndirirlər.

ABŞ Prezidenti Barak Obama bu yaxınlarda Birləşmiş Ştatları "təbii qazın Səudiyyə Ərəbistanı" adlandırmış və demişdir ki, neftə yönəlmiş Amerika nəqliyyat yanacağı bazarı üçün qapıları təbii qaza açmağın vaxtı gəlib çatmışdır. "Onun dedikləri doğrudur. Bu, istehlakçılar üçün daha ucuz başa gələr və neftin strateji əhəmiyyətini azaldardı. Lakin ilk öncə bizə təbii qazın emalı yolu ilə alınan yüksəkoktanlı yanacaq növü ilə, metanolla işləyə bilən avtomobillər lazımdır", - "The New York Times" yazır.

Bu gün ABŞ şistlərdən təbii qazın çıxarılması üçün yeni texnologiyaların sayəsində istifadə edə biləcəkləri həcmdən artıq təbii qaz hasil edir. "M.I.T. Energy Initiative" şirkətinin təqdim etdiyi "Təbii qazın gələcəyi" adlı sonuncu hesabatda metanol "təbii qazdan ən effektiv və ucuz qiymətə alınan maye yanacaq" adlandırılmışdır. Çin artıq bunu nəzərə almışdır. Bu ölkənin Chery, Geely və Shanghai Maple kimi bütün avtomobil istehsalçıları metanolla işləyən nəqliyyat vasitələrini təqdim etmişlər. Bundan başqa, pul baxımından metanolun qiyməti bir mil məsafəyə benzindən daha ucuz başa gəlir.

Təəssüf ki, Amerika Birləşmiş Ştatlarında satılan avtomobillərin əksəriyyəti istehlakçılara benzindən başqa bir seçim təklif etmir. Bazarda təqdim edilən "çoxyanacaqlı mühərrlikli" adlanan avtomobillər ancaq benzin və metanolla işləyir. Əgər Konqres spirtlərin, o cümlədən metanolun əsasında hazırlanan bütün yanacaq növləri ilə işləyən yeni avtomobillərin istehsalını tələb edən "azad yanacaq standartını" tətbiq edərsə, təbii qaz maye yanacaq bazarında neftlə rəqabət apara biləcək. Bu cür avtomobillərin istehsalı təqribən 100 dollar ucuz başa gələrdi. Üstəlik, bu yanacaq növləri ancaq cüzi dəyişikliklər etməklə, mövcud yanacaqdoldurma infrastrukturunun vasitəsilə paylana bilərdi.

Təbii qazdan alınan metanolun dünya bazarında cari nağd qiyməti, hər hansı subsidiyasız, bir qallon üçün 1,13 dollar təşkil edir. Metanol hər qallon üçün benzin əsasında əmələ gələn enerjinin təqribən yarısını hasil edir, buna görə də eyni məsafəyə səfər üçün iki dəfə çox metanol yandırmaq tələb olunacaq. Buna baxmayaraq, metanol qazdan ucuzdur. Metanol İnstitutunun apardığı hesablamalara görə, bir qallon benzin sərf olunan eyni məsafəyə gediş üçün tələb olunan bu yanacaq növünün bu gün qiyməti vergilər, paylanmaya və pərakəndə satışa görə əlavələr də daxil olmaqla təqribən 3 dollar təşkil edərdi ki, bu da benzinə sərf olunan cari orta dövlət xərclərindən xeyli aşağıdır.

Təbii qaz iqtisadiyyatında dəyişiklik baş verdiyi halda çoxyanacaqlı mühərrlikli avtomobillər yenə də kömürün, biokütlənin və ola bilsin ki, əgər bu texnologiya özünü iqtisadi baxımdan səmərəli göstərsə, karbon dioksidin resirkulyasiyası əsasında alınan metanolla işləyə biləcək.

Təbii qaz, həmçinin, nəqliyyat sektorunda başqa rol da oynaya bilər. Onu bazara daxil olan hibrid avtomobillərin doldurulması üçün lazım olan elektrik enerjisinin alınmasında istifadə etmək olar. Təbii qazın qiymətlərində kəskin artım baş verdikdə isə enerji hasilatı sahəsində kömürdən, nüvə və bərpa olunan alternativ enerji mənbələrindən həmişə istifadə etmək olar. (Bu gün Birləşmiş Ştatlarda elektrik enerjisinin yalnız 1%-i neftin əsasında hasil olunur). Buna baxmayaraq, avtomobil batareyalarının qiymətinin bahalı olması səbəbindən enerji doldurulan hibrid tipli avtomobillərin bazarda yayılmasına müəyyən vaxt tələb olunacaqdır.

Təbii qazın əsasında avtomobillərin işləməsi üçün digər üsul sıxılmış təbii qazın və ya C.N.G. istifadəsi olacaqdır. Bu cür nəqliyyat vasitələri üçün baqaj bölməsində ixtisaslaşdırılmış yanacaq xətlərinin böyük qaz baklarının quraşdırılması tələb olunacaq. Lakin minik nəqliyyat vasitəsinin sıxılmış təbii qaza keçirilməsi xərcləri 10,000 dollardan artıq təşkil edəcək. Belə ilkin xərclər böyük yürüş məsafəsi olan (ildə 35000 mildən çox) istifadəçilər üçün əsaslandırılmış ola bilərdi, məsələn, taksilər, avtobuslar və zibil daşıyan yük avtomobilləri, lakin bu xərclər adi avtomobil sahibləri üçün həddən artıq böyük xərclərdir və kapital qoyuluşlarının gəlirliliyi hətta təbii qazın cari ucuz qiymətləri fonunda da çox illərdən sonra özünü göstərəcəkdir.

"Amerika zəngin təbii qaz və kömür ehtiyatlarına malikdir, lakin nə qədər ki, bizim avtomobillərimiz daxili istehsalın bu xammalı əsasında hazırlanan yanacaq növləri ilə işləyə bilmir, bunun heç bir mənası yoxdur. İstehlakçılar öz nəqliyyat vasitələri üçün lazım olan yanacağın qiyməti və növü baxımından seçim etmək imkanına malik olmalıdırlar", - "The New York Times" qeyd edir.

Xəbər lenti

Xəbər lenti