Azərbaycan, Bakı, 12 iyul /Trend, müxbir E.İsmayılov/
İyunda Azərbaycanın nəqliyyat sektorunda yükdaşıma tarifləri may ayına nisbətən 0,5 faiz, sərnişindaşıma tarifləri isə 1 faiz artıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin cümə axşamı yaydığı məlumatda deyilir.
Ötən ay dəmir yolu nəqliyyatında 10 ton yükün 1 km məsafəyə daşınmasının orta tarifi idxal üzrə 3,3 faiz ucuzlaşıb, yerli əlaqə üzrə 8,5 faiz, tranzit üzrə 1,8 faiz, ixrac üzrə 1,2 faiz bahalaşıb.
Beynəlxalq əlaqə üzrə sərnişindaşıma tariflərində 8,5 faiz bahalaşma müşahidə olunub.
Hava nəqliyyatında MDB ölkələrinə sərnişindaşıma tarifləri 1,9 faiz ucuzlaşıb, digər xarici ölkələrə isə 2,1 faiz bahalaşıb.
Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi 0,8 faiz bahalaşıb.