Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir A.Axundov/
"FINCA Azerbaijan" Bank Olmayan Kredit Təşkilatı bir il ərzində banka çevrilmək prosesinin başa çatacağına ümid edir. Bu barədə cümə günü jurnalistlərə "FINCA Azerbaijan"ın baş icraçı direktoru Maniş Sane məlumat verib.
Onun sözlərinə görgə, hazırda kredit təşkilatı Azərbaycan Mərkəzi Bankı ilə danışıqlar aparır.
"Hazırda müştəri bazası 129 min nəfəri ötür və bu, o deməkdir ki, şirkətimiz 600-700 min adamla bilavasitə əlaqədədir. Bu, banka çevrilməklə bağlı planların reallaşdırılması üçün əsas verir", - baş icraçı direktor deyib.
Onun sözlərinə görə, "FINCA Azerbaijan" gələcək bankın kapitalında Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB), Beynəlxalq Maliyyə Korporasiyası (BMK) kimi beynəlxalq maliyyə təşkilatlarının iştirak etməsində maraqlıdır.
"Həmin strukturlar "FINCA Holding"in kapitalında artıq iştirak edirlər və biz ümid edirik ki, banka çevrildikdən sonra həmin maliyyə institutları ilə əməkdaşlığı davam etdirəcəyik", - Sane deyib.
Onun sözlərinə görə, hazırda kredit təşkilatı AYİB-dən, BMK-dan, özəl investisiya fondlarından borclar cəlb edir.
"FINCA Azerbaijan" 1998-ci ildə Amerika Beynəlxalq İnkişaf Agentliyinin (USAID) dəstəyi ilə yaradılan ölkənin aparıcı bank olmayan kredit təşkilatlarından biridir.