...

İtaliya biznesinin Azərbaycana marağı artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2012 12:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 6 dekabr /Trend, müxbir A.Axundov/

İtaliya biznesinin Azərbaycana marağı artır. Trend-in məlumatına görə, bu barədə İqtisadi İnkişaf Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov cümə axşamı Bakıda Azərbaycan-İtaliya biznes forumunda çıxışı zamanı bildirib.

"İtaliya Azərbaycanın əhəmiyyətli strateji və iqtisadi tərəfdaşıdır. İki ölkənin sahibkarları arasında işgüzar əlaqələrin inkişafı üçün 16-dan çox ikitərəfli hökümətlərarası müqavilə yaxşı baza yaradır. 2004-cü ildən İtaliya biznesinin Azərbaycanda işləməyə marağının artması müşahidə olunur. Bizim ölkəmizə bu vaxt ərzində 24 İtaliya şirkəti gəlib, indi burada 28 şirkət çalışır", - Məmmədov deyib.

Onun sözlərinə görə, 2002-2011-ci illərdə İtaliya şirkətləri tərəfindən Azərbaycan iqtisadiyyatına qoyulmuş investisiyaların həcmi 44 milyon dollar təşkil edib, 1995-2011-ci illərdə Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna investisiyalar 33 milyon dolları ötüb.

"Hazırda İtaliya şirkətləri ümumi dəyəri 800 milyon dollardan çox olan 7 dövlət layihəsində iştirak edir", - Məmmədov deyib.

Onun sözlərinə görə, 2011-ci ildə iki ölkə arasında əmtəə dövriyyəsi 9,6 milyard dollar təşkil edib ki, bunun da çox hissəsi İtaliyaya neft və neft məhsullarının ixracı hesabına təmin edilib. Bununla yanaşı, Azərbaycana İtaliya məhsullarının idxalının artımı müşahidə olunur.

"İtaliya Azərbaycanın iri ticarət tərəfdaşıdır, Azərbaycanın xarici ticarətinin 35 faizi bu ölkənin payına düşür", - Məmmədov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti