Azərbaycan, Bakı, 17 dekabr /Trend/
Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev ölkəmizdə səfərdə olan Argentina Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının (AFİP) rəhbəri Rikardo Eçeqarayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Komitənin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Əliyev iki ölkə arasında mövcud əlaqələrdən söhbət açıb və qeyd edib ki, bu gün davamlı iqtisadi inkişaf tempi ilə irəliləyən Azərbaycan bütün dünya dövlətləri, o cümlədən Argentina ilə bütün sahələrdə sıx əməkdaşlıq əlaqələri yaratmaqda maraqlıdır.
DGK sədri iki ölkənin gömrük xidmətləri arasında əlaqələrə toxunaraq, ötən ilin fevralında Azərbaycan Dövlət Gömrük Komitəsi nümayəndə heyətinin Argentinaya səfərini xatırladıb, bu səfərin sözügedən ölkənin Gömrük İdarəsinin fəaliyyəti ilə yaxından tanışlıq və əməkdaşlıq imkanlarını nəzərdən keçirmək üçün çox faydalı olduğunu bildirib. O, səfər zamanı "Azərbaycan Respublikası Hökuməti və Argentina Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında" imzalanmış sazişin iki ölkənin gömrük xidmətləri arasında əlaqələrin inkişafına stimul verdiyini və beləliklə, tərəflərin inteqrasiyasının sürətləndiyini diqqətə çatdırıb. Buenos-Ayresdə keçirilən "Azərbaycan gömrüyü bəşəri dəyərlər prizmasından" adlı sərgini də məmnunluqla xatırlayan Komitə sədri respublikamızın Argentina ilə bütün sferalarda əlaqələrin inkişafına xüsusi önəm verdiyini vurğulayıb.
Ötən müddət ərzində Argentinanın bir sıra rəsmi şəxslərinin, eləcə də biznes subyektlərinin Azərbaycana işgüzar səfərlərindən də söhbət açan DGK sədri Aydın Əliyev bu səfərlərin iki ölkə arasında istər siyasi-iqtisadi, istərsə də digər mühüm əhəmiyyət kəsb edən sahələr üzrə qarşılıqlı əməkdaşlığın inkişafına bir töhfə kimi dəyərləndirib.
Səmimi qəbula və yüksək qonaqpərvərliyə görə Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə təşəkkür edən Argentina Federal Gəlirlər üzrə Dövlət Administrasiyasının rəhbəri Rikardo Eçeqaray Azərbaycana ilk dəfə səfərə gəldiyini və burada az müddətdə böyük təəssüratlar əldə etdiyini vurğulayaraq, həqiqətən ölkədə iqtisadi tərəqqinin şahidi olduğunu bildirib.
Argentina hökumətinin Azərbaycanla əməkdaşlığa çox böyük önəm verdiyini bildirən Rikardo Eçeqaray iki ölkə arasındakı münasibətlərin hazırkı durumundan, bu sahədə perspektivlərdən söhbət açıb, eləcə də Azərbaycan və Argentina gömrük xidmətləri arasında əməkdaşlığın dərinləşdirilməsi üçün qarşılıqlı fəaliyyətin, təcrübə mübadiləsinin əhəmiyyətini önə çəkib. Qonaq qeyd edib ki, ölkələr arasında əməkdaşlığın, o cümlədən, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsində gömrük xidmətlərinin də xüsusi yeri var və gömrük sistemi bu sahədə körpü rolunu oynayır.
Qarşılıqlı səfərlərin mövcud əlaqələrə yeni impuls verdiyini vurğulayan argentinalı qonaq ölkəsinin Azərbaycan Gömrük Xidməti ilə əməkdaşlıqdan razılığını bildirib və qarşılıqlı əlaqələrin bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib.
Görüşdə, eyni zamanda, qarşılıqlı maraq doğuran bəzi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.