...

Bərdədə İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərə dair tədbir keçirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Yanvar 2013 15:15 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair vətəndaşların məlumatlandırılması məqsədilə 2012-ci ildən etibarən Bakıda və ölkə regionlarında müxtəlif tədbirlər həyata keçirilir.
Bərdədə İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlərə dair tədbir keçirilib

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

İqtisadi İnkişaf Nazirliyi tərəfindən göstərilən elektron xidmətlərə dair vətəndaşların məlumatlandırılması məqsədilə 2012-ci ildən etibarən Bakıda və ölkə regionlarında müxtəlif tədbirlər həyata keçirilir.

İİN-dən Trend-ə verilən məlumata görə, bu tədbirlərin 2013-cü ildə də davam etdirilməsi və Nazirliyin göstərdiyi interaktiv və informativ elektron xidmətlər barədə əhalinin maarifləndirilməsi nəzərdə tutulur.

"İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər" mövzusunda bu ilin ilk tədbiri yanvarın 29-da Bərdə rayonunda keçirilmişdir. Tədbirdə aidiyyəti dövlət qurumlarının, Bərdə və ətraf rayonların icra hakimiyyətlərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri və Aran iqtisadi rayonunda fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak etmişdir.

Tədbirdə İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri tərəfindən nazirliyin göstərdiyi elektron xidmətlər və onlardan istifadə qaydaları barədə məlumat verilmişdir. Nazirliyin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov çıxışında qeyd etmişdir ki, "Elektron Hökumət"ə dair Dövlət Proqramı çərçivəsində dövlət orqanlarında, o cümlədən İqtisadi İnkişaf Nazirliyində elektron xidmətlərin tətbiqi genişləndirilmiş, Nazirlik tərəfindən əhaliyə göstərilən xidmətlər elektronlaşdırılmışdır. Bu isə Nazirlikdə modern və çevik idarəetmənin təmin edilməsi, işin səmərəli təşkili və vaxt itkisinin qarşısının alınması baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Fərmanına uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin www.economy.gov.az internet saytında elektron xidmətlər bölməsi yaradılmışdır. Bölmədə Nazirlik tərəfindən müxtəlif fəaliyyət növlərinə lisenziyaların, malların mənşə və keyfiyyət sertifikatlarının verilməsi üçün tələb olunan sənədlərin siyahısı və müraciət edən şəxs tərəfindən doldurulmalı olan ərizənin elektron forması yerləşdirilmişdir. Bu bölmə sahibkarlara tələb olunan sənədləri elektron formada təqdim etməklə yanaşı, həmin xidmətlər üçün qanunvericiliklə müəyyən olunmuş dövlət rüsumlarının və xidmət haqlarının ödənişini on-line rejimində həyata keçirməyə imkan verir. Nazirlikdə kommersiya hüquqi şəxslərə münasibətdə qrant müqavilələrinin elektron qeydiyyatı da aparılır. Eyni zamanda, cərimə və maliyyə sanksiyalarının on-line rejimində elektron ödənilməsi üçün imkanlar yaradılıb.

Bütün bunlarla yanaşı, İqtisadi İnkişaf Nazirliyi tərəfindən vətəndaşlara elektron informasiya resursları vasitəsilə on-line rejimində qəbula yazılma, müraciətlərin on-line rejimdə qəbulu və cavablandırılması, Nazirliyin məsul işçiləri ilə canlı video əlaqənin qurulması, on-line rejimində sual-cavab və ən çox verilən suallar sistemi, dövlət proqramlarının icrası barədə informasiya sistemi (rəqəmsal xəritə), icazələrin elektron informasiya portalı - www.icazeler.gov.az, elektron ticarət portalı - www.b2b.az, nazirliyin press-relizlərinə elektron abunə yazılışı kimi informativ elektron xidmətlər göstərilir.

Xarici ticarət siyasəti və Ümumdünya Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar Alışov İqtisadi İnkişaf Nazirliyi tərəfindən Avropa İttifaqının "İqtisadi İnkişaf Nazirliyinə Dəstək" layihəsi çərçivəsində Avropa İttifaqı bazarına Azərbaycandan ixracın asanlaşdırılması məqsədilə yaradılmış ixracata yardım Xidmət Mərkəzinin internet səhifəsi, bu səhifədən istifadə qaydaları və portalın faydaları, Avropa İttifaqının Ümumiləşdirilmiş İmtiyazlar Sistemi (GSP) barədə sahibkarları məlumatlandırmışdır.

Tədbirdə çıxış edən İstehlak Mallarının Ekspertizası Bürosunun əməkdaşı Elçin Məlikov malların mənşə və keyfiyyət sertifikatlarının alınmasında elektron xidmətlərdən istifadə qaydaları barədə məlumat vermişdir.

Sonda İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri tədbir iştirakçıları üçün əyani olaraq lisenziyaların, mənşə və keyfiyyət sertifikatlarının alınması, qrant müqavilələrinin qeydiyyatı və s. xidmətlərdən on-line rejimində istifadə prosedurunu nümayiş etdirmiş, iştirakçıları maraqlandıran sualları cavablandırmışlar.
"İqtisadi İnkişaf Nazirliyinin göstərdiyi elektron xidmətlər" mövzusunda tədbirlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti