...

Azərbaycanda 11 tvinninq layihəsinin icrası uğurla başa çatıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Aprel 2013 18:47 (UTC +04:00)
Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanda həyata keçirilən yardım alətlərindən, xüsusilə, tvinninq layihələrindən səmərəli istifadə olunması və tvinninq barədə məlumatlılığın artırılması məqsədilə bu gün İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Proqram İdarəetmə Qurumu tərəfindən “Tvinninq üzrə proqramlaşdırma – Fəaliyyət Proqramı 2012” mövzusunda seminar keçirilib.
Azərbaycanda 11 tvinninq layihəsinin icrası uğurla başa çatıb

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanda həyata keçirilən yardım alətlərindən, xüsusilə, tvinninq layihələrindən səmərəli istifadə olunması və tvinninq barədə məlumatlılığın artırılması məqsədilə bu gün İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Proqram İdarəetmə Qurumu tərəfindən "Tvinninq üzrə proqramlaşdırma - Fəaliyyət Proqramı 2012" mövzusunda seminar keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, tədbirdə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, "Tvinninq, TAIEX və SIGMA əməliyyatlarının tətbiqi" layihəsinin və aidiyyəti qurumlarının nümayəndələri iştirak ediblər.

Seminarda İqtisadi İnkişaf Nazirliyinin nəzdində fəaliyyət göstərən Proqram İdarəetmə Qurumunun direktor müavini, nazirliyin Beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdir müavini Ruslan Rüstəmli Azərbaycanda tvinninq layihələrinin icrası barədə məlumat verib.

Tədbirdə, həmçinin tvinninq üzrə təkliflərin verilməsi prosedurları, tvinninq layihələrinin seçilmə meyarları və dövlət qurumlarının proqramlaşdırmada iştirakı ilə bağlı məsələlərə dair təqdimatlar keçirilib. Bildirilib ki, 2006-cı ildən etibarən Azərbaycanda 28 tvinninq layihəsi üzrə işlər həyata keçirilir. Artıq 11 tvinninq layihəsinin icrası uğurla başa çatıb. Hazırda isə 10 tvinninq layihəsi üzrə işlər davam etdirilir, 7 layihə üzrə isə sənədləşmə işləri aparılır.

Tədbir zamanı Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin, "Tvinninq, TAIEX və SIGMA əməliyyatlarının tətbiqi" layihəsinin, Azərbaycanda həyata keçirilən tvinninq layihələrinin benefisiar dövlət orqanlarının ekspertləri tərəfindən təqdimatlar keçirilib, Avropa İttifaqının yardım alətləri ilə bağlı fikir mübadiləsi aparılıb, tvinninq layihəsinin benefisiarlarına bu alətdən istifadənin genişləndirilməsi tövsiyə edilib.

Qeyd edək ki, Avropa İttifaqının yardım alətlərindən biri olan tvinninq Aİ-yə üzv ölkələrin müvafiq dövlət qurumları ilə Avropa İttifaqına namizəd olan və Avropa Qonşuluq Siyasəti ölkələrinin aidiyyəti dövlət orqanları arasında əməkdaşlığa əsaslanan institusional quruculuq alətidir. Bu alət milli qanunvericiliyin Avropa İttifaqının qanunvericiliyi və standartlarına uyğun təkmilləşdirilməsi və tətbiqi, benefisiar ölkənin müvafiq dövlət qurumunun inzibati və institusional quruculuq məsələləri ilə yanaşı, işçilərin bilik və səriştəsinin artırılması və kadr potensialının gücləndirilməsi kimi komponentləri də əhatə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti