...

Şamaxı şəhərində içməli su və kanalizasiya şəbəkələri yenidən qurulur (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 May 2013 18:23 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 may /Trend/

Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi I" çərçivəsində Şamaxı şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin yaradılmasını nəzərdə tutan ikinci mərhələ üzrə işlərə başlanıb.

"Azərsu" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, icrasına 2010-cu ildə başlanmış layihənin birinci mərhələsi çərçivəsində Şamaxı şəhərində sugötürücü qovşaq və baş su təchizatı qurğuları yaradılıb. Şamaxı şəhərini içməli su ilə təmin etmək üçün Pirsaat çayının hövzəsində drenaj sistemi quraşdırılıb. Mənbədən suyun suqəbuledici meydançaya özüaxımlı rejimdə ötürülməsini təmin etmək üçün 1,4 km magistral su xətti çəkilib, hər birinin tutumu 500 kubmetr olan 2 ədəd su anbarı tikilib, xlorator qurğusu yaradılıb. Bu mərhələ çərçivəsində tikinti işləri 2011-ci ilin sonunda başa çatdırılıb.

Layihənin ikinci mərhələsi Şamaxı şəhərinin su təchizatı və kanalizasiya şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Bu mərhələdə Şamaxı şəhərinə 9,3 km magistral su xətti çəkiləcək, ümumi uzunluğu 132 km su, 129 km kanalizasiya şəbəkəsi yaradılacaq. Tikinti işləri başlanandan indiyədək 22 km su xətti, 29 km kanalizasiya xətti çəkilib və hazırda inşaat işləri davam etdirilir. Şamaxı şəhərində istehlakçıların dayanıqlı su təchizatını təmin etmək məqsədi ilə ümumi tutumu 7500 kubmetr olan 8 su anbarı da tikiləcək.

Layihənin sonuncu mərhələsi çərçivəsində Şamaxı şəhərində sutkalıq məhsuldarlığı 9000 kubmetr olan çirkab sutəmizləyici qurğu tikiləcək.

Şamaxı şəhərinin su təchizatı və kanalizasiya sistemi yenidən qurulduqdan sonra 40 minə qədər sakinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsi yaxşılaşacaq.

Qeyd edək ki, Azərbaycan hökuməti və Dünya Bankının birgə maliyyələşdirdiyi "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi I" çərçivəsində Şamaxı şəhəri ilə yanaşı, Qəbələ, Sabirabad və Saatlı şəhərləri və ətraf kəndlərdə su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti